BƏLƏDİYYƏNİN HANSI XİDMƏTİNƏ GÖRƏ VERGİ ÖDƏNİŞİ EDİLMƏLİDİR?
Vergilər məcəlləsinə görə, fiziki şəxslər mülkiyyətlərində olan mənzilə görə ildə bir dəfə yerli bələdiyyəyə əmlak vergisi ödəməlidir. Bu, qanunun tələbidir, başqa sözlə desək, məcburidir. Bəs, qarşılığında bələdiyyə vətəndaşa hansı xidməti göstərməlidir? Ümumiyyətlə xidmət göstərən varmı?
Abşeron rayonunun Xırdalan şəhərində yenicə istifadəyə verilən çoxmənzilli binalardan birində yaşayan sakinlərin bəziləri ilk dəfədir əmlak vergisi ilə bağlı yerli bələdiyyə işçilərinin təqdim etdiyi bildirişlərlə qarşılaşırlar. Və nə edəcəklərini bilmirlər. Məlumatsız vətəndaş toplanan əmlak vergilərini ödəmədiyi halda nə ilə qarşılaşacağını da bilmir. Bu isə sonradan bəzi problemlərə səbəb olur. Məsələn, vaxtında ödənməyən vergi borcu müəyyən müddətdən sonra bir qədər də artır, nəticədə həmin şəxsə maliyə sanksiyası tətbiq edilir. Aparılan araşdırmalar zamanı məlum olub ki, təkcə Baki və Abşeron ərazisində il ərzində 14 milyon manatdan artıq vəsait Bələdiyyə büdcəsinə daxil edilməyib. Xırdalan şəhər bələdiyyəsinin mətbuat katibi Əli Qəmbərovun sözlərinə görə, vətəndaşlardan toplanan vəsaitlə bağlı ildə iki dəfə hesabat hazırlanır və bələdiyyənin saytında yığılan vəsaitin aidiyyəti üzrə hara xərcləndiyi göstərilir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bu gün Azərbaycanda Bələdiyyələrin əksəriyyəti öz vəzifələrini onların qanunvericiliklə üzərinə qoyulan formada həyata keçirmir. “Ərazinin abadlaşdırılmasından tutmuş, orada yaşıllıq zonalarının salınmasından tutmuş, zibilin daşınması üçün, meydançaların yaradılması, eyni zamanda sakinlərin istirahəti üçün müəyyən yerlərin ayrılması və abadlaşdırılması, həmin ərazilərdə insanların rahat istirahətinin təmin olunması üçün və sair. Bələdiyyələr də bunu etmir və gəlir deyir ki, vergi ödə”. Ramil Osmalının sözlərinə görə, qanunla Bələdiyyələrə nəzarəti yerli icra orqanları edir və hesabat da həmin quruma təqdim edilir. Amma əslində belə olmamalıdır. Çünki bu hal xidmətin şəffaflığına kölgə salır. “Əslində Bələdiyyələr seçkili orqan olduğuna görə müstəqil qurum olmalıdır. Bələdiyyələr necə ki vergini seçicilərindən toplayır, hesabatı da seçiciyə verməlidir, icra hakimiyyətinə deyil. Məsələn, bəzi hallarda bələdiyyə üzvləri etiraf edir ki, bəzən hesablarına toplanmış vəsaitin bir hissəsini rayon icra hakimiyyəti qanunsuz olaraq, əsassız olaraq ondan tələb edir”. Ekspert deyir ki, bu halların qarşısını almaq, vətəndaşa keyfiyyətli xidməti təmin etmək üçün "ya qanuna əlavələr edilməli, ya da indiyədək düzgün yerinə yetirilməyən vəzifələr Bələdiyyələrin əlindən alınmalıdır.
GÜNDÜZ
