BMT Hörmüz boğazında qalan dənizçilərin təxliyəsinə başlayır
BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) ABŞ və İsrailin İranla müharibəsi fonunda Hörmüz boğazında qalan 11 mindən çox dənizçinin təxliyəsini planlaşdırır. IMO-nun baş katibi Arsenio Dominqes bildirib ki, genişmiqyaslı əməliyyat İran, Oman, ABŞ, regionun sahilyanı dövlətləri və dənizçilik sənayesi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Onun sözlərinə görə, təhlükəsiz naviqasiya üçün lazımi təminatlar əldə olunub və şərait yoxlanılıb. Münaqişəni bitirmək üçün ötən həftə müvəqqəti razılaşma imzalansa da, ABŞ və İran memorandumun detalları, xüsusilə nüvə obyektlərinə nəzarət məsələsi ilə bağlı fikir ayrılıqlarını davam etdirir.
ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etməsinə qarşı çıxaraq, heç bir ölkənin beynəlxalq su yollarında rüsum və ya haqq tələb edə bilməyəcəyini vurğulayıb. Rubio bu bəyanatı BƏƏ-yə səfəri zamanı səsləndirib və region ölkələrinin bu mövqeni bölüşdüyünü bildirib. İran isə boğazdan keçid üçün “dəniz xidməti haqları” tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Hörmüz boğazının yenidən açılması dənizçilərin təxliyəsi üçün əsas şərt sayılır və IMO yaxın günlərdə təhlükəsiz şəkildə bölgəni tərk edən gəmilərlə bağlı gündəlik hesabatlar dərc edəcəyini bildirib.
BBC News
Mələk Hüseynova