Bolqarıstan Avrozonaya qoşulub
Bolqarıstanın bu gün rəsmi olaraq Avrozona qoşulması ilə ölkədə uzun illərdir istifadə olunan Bolqar levası yerini avroya verib.
İlk dəfə 1881-ci ildə çap edilərək dövriyyəyə buraxılan Bolqar levası bu gündən etibarən rəsmi pul vahidi statusunu itirib.
Bolqarıstan Mərkəzi Bankının (BNB) sədri Dimitar Radev Avrozonaya qoşulma ilə bağlı verdiyi mətbuat açıqlamasında avronun təkcə bir valyuta deyil, eyni zamanda mənsubiyyət simvolu olduğunu bildirib.
Bolqar levasının Bolqarıstanın tarixinin və ictimai yaddaşının ayrılmaz hissəsi olaraq qalacağını vurğulayan Radev deyib:
“Bu gün “Xoş gəldin, Bolqarıstan” sözləri Frankfurtda, Brüsseldə, Lüksemburqda və Avropanın bir çox başqa yerlərində eşidilir və görünür. Oradakı dostlarımıza cavabımız qısa və aydındır: “Təşəkkürlər, dostlar. Biz artıq öz evimizdəyik”.
Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasındakı hesabında verdiyi açıqlamada, Bolqarıstanın Avrozonaya qoşulmasının illərlə davam edən qətiyyətli iş və fədakarlığın nəticəsi olduğunu qeyd edib.
Bolqarıstanı təbrik edən fon der Lyayen, avroya keçidin daha asan ödənişlər, daha rahat səyahət imkanları və bolqar şirkətləri üçün çoxsaylı yeni fürsətlər demək olduğunu bildirib.
Ölkədə bir ay ərzində həm leva, həm də avro dövriyyədə olacaq. Fevralın 1-dən etibarən isə ölkədə yalnız avrodan istifadə ediləcək.
TRT XƏBƏR
Lalə Qurbanlı
