“Boltonun etirafı Tramp hakimiyyəti üçün yeni siyasi böhran yarada bilər”-ŞƏRH
Son illər Prezident Donald Trampın ən sərt tənqidçilərindən birinə çevrilən ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton məxfi sənədlərlə düzgün işləməmədiyini boynuna almaq niyyətindədir.
Bu barədə CNN-ə vəziyyətlə tanış mənbə məlumat verib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İranla bağlı müharibədən doğan beynəlxalq problemlərə, xüsusən İsrailə görə ABŞ-nin dövlət resurslarından istifadəsi siyasi dairələri narahat edir:
“Eyni zamanda Donald Trampın hakimiyyətinə qarşı daxildə müxalif qüvvələr hərəkətə keçir. Con Boltonun gizlətdiyi sənədlərin üzə çıxması ABŞ-nin hazırkı durumunu daha da gərgin məcraya apara bilər. Belə ki, İsrail bir qədər əvvəl də özünə bağlı dairələrə təsiri nəticəsində Trampın Epşteyn fayllarını açdırmaqla şantaj edib İran üzərinə hücuma təhrik edib. Bir neçə gün əvvəl Tramp İsrailin baş naziri haqqında sərt və hətta təhqiramiz ifadələrlə çıxış edib. Demək,İsrailə bağlı qüvvələr yenidən oyanır və növbəti, daha təsirli fayllar açacaqlar ki, Tramp İranla danışıqlardan vaz keçməli olsun. Belə ki, Bolton klassik siyasət tərəfdarı kimi bir çox məsələlərdə hərbi güc tətbiqini və sərt diplomatik təzyiqləri müdafiə edir. Tramp isə xaricdəki hərbi müdaxilələrdən və uzun müddətli müharibələrdən yayınmağa üstünlük verir. Bir zaman Trampın Şimali Koreya lideri ilə birbaşa görüşməsini də kəsin etirazla qarşılayan Con Bolton eyni zamanda İranla nüvə sazişinə alternativlər axtarmaq cəhdlərinə də kəskin etiraz etmişdi. Bolton, ümumiyyətlə İrana qarşı sərt addımların atılmasının tərəfdarıdır. Artıq hiss olunur ki, İsrail, yəhudi lobbisi ABŞ liderinə təsir etmək üçün bu cür müxalif qüvvələrdən istifadə edəcək. Onun məxfi sənədlərlə düzgün işləməməsini etiraf etməsi, hətta özünə cərimə tətbiq etdirməsini deməsi özünə zərər vurmaq məqsədi daşımır. Burada böyük rezonans doğuracaq hadisələr gözlənilir ki, bu da hesablanmış addımdır. Beləliklə sənədlərin açılması ABŞ tarixində böyük qalmaqala və Tramp hakimiyyətinə qarşı ciddi etiraz dalğasına səbəb ola bilər”.
Nuray Əliyeva