00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
14.11.2026 13:24 50 3 dəq oxuma
Sosial

Burada avtobuslar  üçün mübadilə mərkəzləri yaradılır

Burada avtobuslar üçün mübadilə mərkəzləri yaradılır

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi və sərnişinlərin bu sistemə marağının artırılması üçün müxtəlif nəqliyyat növləri arasında rahat keçid imkanları yaradan mübadilə mərkəzlərinin qurulması vacibdir:

 

“İnsan səfəri zamanı bir neçə nəqliyyat növündən istifadə edirsə, onların arasında keçid və minib-düşmə məntəqələri maksimum rahat və əlçatan olmalıdır. Bu, sərnişinin ümumi səfər təcrübəsini yaxşılaşdıran əsas amillərdəndir.Nərimanov metro stansiyasının qarşısında yaradılan yeni mübadilə mərkəzi də məhz bu konsepsiyanın tərkib hissəsidir. Burada avtobusdan metroya və əks istiqamətdə rahat keçidin təmin edilməsi ilə yanaşı, piyadalar üçün əlverişli infrastrukturun formalaşdırılması da nəzərdə tutulur.

 

İnsanyönümlü şəhərsalma yanaşmasına əsasən, şəhər məkanının əsas istifadəçisi piyadadır. Buna görə də geniş səkilərin yaradılması, piyada marşrutlarının qısaldılması, eyni səviyyəli və işıqforla tənzimlənən keçidlərin təşkili xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, yaxınlıqda yerləşən Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi istiqamətində piyada axınlarının nəzərə alınması, son üç ildə genişlənən mikromobillik zolaqları şəbəkəsinin bu ərazi ilə əlaqələndirilməsi müxtəlif hərəkət növləri arasında vahid və rahat mübadilə sisteminin formalaşmasına imkan verəcək.Digər mühüm məqam ərazidən çox da uzaqda yerləşməyən Keşlə dəmir yolu stansiyasıdır. Gələcəkdə bu stansiyanın alternativ dəmir yolu vağzalı kimi istifadəsi və regional qatarların hərəkətində rol alması nəzərdə tutulur. Bu amil Nərimanov mübadilə mərkəzinin əhəmiyyətini daha da artırır.

 

Keşlə dəmir yolu stansiyası ilə Nərimanov metro stansiyası və ya onun qarşısında yaradılan meydan arasında rahat piyada əlaqəsinin qurulması fərqli nəqliyyat növlərini birləşdirən daha geniş ekosistemin formalaşmasına şərait yarada bilər. Bu, həm Bakıdan regionlara səfər edən, həm də şimal istiqamətindən – Sumqayıt və Xırdalandan paytaxta gələn sərnişinlərin şəhərin mərkəzi hissələrinə çıxışını asanlaşdıracaq. Bu baxımdan, Nərimanov mübadilə mərkəzinin strateji əhəmiyyəti var”.

 

Ekspertin sözlərinə görə, bu tip mübadilə mərkəzlərinin yalnız bir ərazidə deyil, şəhərin müxtəlif nöqtələrində yaradılması məqsədəuyğundur. Ərazinin xüsusiyyətlərindən, sərnişin axınından və mövcud infrastruktur imkanlarından asılı olaraq belə mərkəzlər həm kiçik, həm də daha genişmiqyaslı ola bilər:

 

“Hazırda Bakı metrosunda 27 stansiya fəaliyyət göstərir, gələcəkdə isə şəbəkənin daha 10 stansiya ilə genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, hər bir stansiyanın ətrafında mövcud imkanlar təhlil edilməli, sərnişin axınına uyğun mübadilə məkanlarının yaradılması imkanları qiymətləndirilməlidir.

 

Ən ideal model isə dəmir yolu, metro və avtobus nəqliyyatının vahid məkanda birləşdiyi üçkomponentli mübadilə mərkəzidir. Hazırda 28 May, Koroğlu və Dərnəgül stansiyaları bu baxımdan müəyyən imkanlara malikdir. Gələcəkdə Bakıxanov ərazisində də belə bir mərkəzin yaradılması imkanları nəzərdən keçirilə bilər.

 

 

Digər perspektivli istiqamətlərdən biri də keçmiş Montin ərazisi, indiki Nərimanov stansiyasının yerləşdiyi məkan və onun Xətai metro stansiyası ilə əlaqələndirilməsidir. Bu iki stansiya arasında təxminən 1 kilometr məsafə var. Dövlət proqramında həmin ərazidə yeni metro stansiyasının və mübadilə mərkəzinin yaradılması da nəzərdə tutulur.Təxminən bir kilometrlik məsafə düzgün planlaşdırılmış piyada infrastrukturu və rahat keçid imkanları ilə ciddi maneə hesab edilməməlidir. Əksinə, dəmir yolu, metro, avtobus və piyada hərəkətinin əlaqələndirilməsi həmin ərazidə çoxfunksiyalı nəqliyyat mübadilə mərkəzinin formalaşmasına imkan verə bilər”.

 

Alışova Fidan 

#azərbaycan #yeni #baki #yaradılır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər