00:00:00
Yazar
Admin User
15.08.2023 09:11 311 2 dəq oxuma
Sosial

BOŞANANLARA 3-CÜ YOLU GÖSTƏRƏN YOXDUR

BOŞANANLARA 3-CÜ YOLU GÖSTƏRƏN YOXDUR

Azərbaycanda evlənənlərin sayı azalıb, boşanmaların sayı isə artıb. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 24146 nikah və 10631 boşanma halları qeydə alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Psixoloq Vəfa Rəşidovanın fikrincə, evlənənlərin sayındakı azalma, boşanmaların sayında müşahidə edilən artımın əsas səbəblərindən biri evliliyə addım atan cütlüklərin bu vəziyyətə kifayət qədər hazır olmamasıdır. “Dünyaya nəzər salsaq, demək olar ki, cütlüklər evlilik öncəsi mütləq psixoloqa üz tutur, terapiya keçirlər. Azərbaycanda bu vəziyyət elə də xoş qarşılanmır. Kimsə, evlilik dönəmi psixoloqa üz tutursa, biz həmin şəxsləri, dəli adlandıraraq, onlarda nəyinsə, əksik olduğunu zənn edirik”. Psixoloq bunu tamamilə səhv düşüncə adlandırır. Deyir ki, cütlüklər psixoloq məsləhətləri vasitəsilə, ailə həyatı qurmadan öncə, qarşısındakının bütün müsbət-mənfi xüsusiyyətlərinə öncədən bələd olur, evləndikdən sonra ani hərəkətlə qarşılaşan zaman, şok keçirmir. Terapiya zamanı cütlüklər qarşı-qarşıya gətirilir. Nəticədə, hər iki tərəfin bütün müsbət-mənfi cəhətləri psixoloq köməyilə müzakirə edilir. “Günümüzdə, boşananların sayını görüb, qorxuya düşən, evlənməyən yetəri qədər insan var. Bizim cəmiyyətdə, digər mədəniyyətlərdən fərqli olaraq, tələblər yetəri qədər çox olur. Məsələn, oğlan evi, qızdan cehiz gətirən zaman hər şeyin qaydasında olmasın tələb edir. Qız evi də, öz növbəsində, qarşı tərəfdən, nişan, toy, qızıl və.s xərclərinin hər birini ödəməsini istəyir”. Vəfa Rəşidovanın sözlərinə görə, cəmiyyət olaraq, “mental dəyərlər” adı altında, qarşı tərəfi yükləmək cütlükləri evlilikdən uzaqlaşdırır. Psixoloq bir daha gənclərin nəzərinə çatdırır ki, sağlam ailə, sağlam düşüncədən başlayır. Bu olmasa, kökündə sağlam zəmin dayanan ailə də olmayacaq. Vəfa Rəşidova bir neçə ildən sonra ölkədə toyların sayında xeyli azalma müşahidə ediləcəyini proqnozlaşdırır. “Mən, daim adət-ənənələrimizin tərəfdarı olmuşam. Amma, indi elə hadisələrlə üzləşirik ki, bunlar adət-ənənə deyil. Sadəcə, bu ad altında göstərilən tələbdir. Boşanma ərəfəsində, cütlüklərimizə kənardan müdaxilələr çox olur. İstər qadınlarımız, istər kişilərimiz, bütün münasibətlərdə anlayış istəyir. Bunu görmədikdə isə, soyuqluq yaranmağa başlayır”. Cütlüklərin səmimiyyət qurmağı bacarmadığını vurğulayan Vəfa Rəşidova onlara qarşılarındakına bələd olmadan, tanımadan həyatının mərkəzlərinə qoymağı tövsiyə etmir. “Boşananların təəssüf ki, əksəriyyətinin psixoloqu yoxdur. Əgər, onların şəxsi psixoloqu olsaydı, vəziyyət bu yerə qədər gəlib çatmazdı. Çətinlik görəndə, çıxış yolunu boşanmada görürlər. Halbuki, onlara yol göstərəcək, 3-cü bir şəxs olsa, qarşılıqlı şəkildə bir-birlərini də başa düşərlər”.

HƏCƏR ƏMİRASLANLI

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər