00:00:00
Yazar
Zəhra Həsənova
19.06.2026 22:08 23 4 dəq oxuma
Sosial

Böyük itki: ChatGPT üçün yolun sonu gəlir?

Böyük itki: ChatGPT üçün yolun sonu gəlir?

Tək oyunçulu süni intellekt dövrləri geridə qalır. Bir vaxtlar sənayedə qabaqcıl hesab edilən "OpenAI" bazara ilk dəfə daxil olduğu zaman sahib olduğu mütləq dominantlığı qorumaq üçün mübarizə aparır. İstifadəçilərin internetdə axtarış aparmaq əvəzinə ChatGPT-yə müraciət etdiyi dövr daha şiddətli rəqabət mühitinə yol açıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT mütəxəssisi Fərid Kazımov bildirib ki, süni intellekt platformalarının əsas mənfi cəhətlərindən biri onların ödənişli paketlərə üstünlük verməsi və pulsuz istifadəçilərə məhdud imkanlar təqdim etməsidir:

 

"Əgər digər analoji və geniş yayılmış platformalara baxsaq, məsələn DeepSeek və ya Google-un təqdim etdiyi Gemini kimi sistemləri müqayisə etsək, istifadə imkanları baxımından ciddi fərqlər görmək mümkündür. Xüsusilə, gündəlik istifadə baxımından bəzi platformalar daha geniş pulsuz imkanlar təqdim edir. Adi istifadəçilər süni intellekt texnologiyalarından daha çox şəxsi və gündəlik ehtiyaclar üçün istifadə etdiklərinə görə, onlar üçün pulsuz imkanların geniş olması daha cəlbedicidir. Əlbəttə, biznes və peşəkar fəaliyyət üçün əlavə funksiyalar lazım olduqda ödənişli paketlərə keçid məsələsi meydana çıxır. Burada maraqlı bir tarixi paralel də mövcuddur. İnternetin inkişafı mərhələlərlə baş verib və bunun müxtəlif nümunələri var. İlk dövrlərdə elektron poçt xidmətləri əsasən ödənişli idi və istifadəçilər bu xidmətlərdən istifadə etmək üçün müəyyən ödəniş etməli olurdular. Daha sonra Hotmail bazara pulsuz şəkildə daxil oldu və qısa müddətdə böyük istifadəçi auditoriyası qazandı. Sonradan Microsoft alaraq daha da inkişaf etdirildi. Bu hadisə göstərdi ki, xidmətlər yalnız birbaşa istifadəçi ödənişləri ilə deyil, digər biznes modelləri vasitəsilə də gəlir əldə edə bilərlər. Oxşar prosesin süni intellekt sahəsində də baş verməsi mümkündür. Gələcəkdə geniş istifadə olunan süni intellekt xidmətlərinin əhəmiyyətli hissəsinin pulsuz olması ehtimalı böyükdür. Gəlir modelləri isə başqa istiqamətlərə keçə bilər. Məsələn, xidmətlər fərqli kommersiya mexanizmləri, tərəfdaşlıqlar və ya əlavə funksiyalar vasitəsilə gəlir əldə edə bilərlər. Daha mürəkkəb analizlər, yüksək hesablama gücü tələb edən əməliyyatlar və xüsusi biznes xidmətləri isə ödənişli qalmağa davam edə bilər. Bu gün bəzi platformalarda şəkil yaratmaq və ya əlavə funksiyalardan istifadə etmək üçün müəyyən məhdudiyyətlər qoyulur və istifadəçiyə ödənişli paketlər təklif edilir. Digər platformalar isə daha geniş pulsuz imkanlar təqdim edir. Bu da istifadəçi davranışına və seçimlərinə ciddi təsir göstərir".

 

İT mütəxəssisinin sözlərinə görə, Google-un süni intellekt sahəsində fəaliyyəti də maraqlı nümunələrdən biridir:

 

"Şirkət tarix ərzində yüzlərlə rəqəmsal məhsul təqdim edib və onların bir hissəsi uğurlu olmadığı üçün sonradan dayandırılıb. Lakin süni intellekt istiqamətində fərqli yanaşma seçildi. Şirkət bazara ilk daxil olan tərəf olmadı, müəyyən müddət digər oyunçuların fəaliyyətini müşahidə etdi, bazarın davranışlarını təhlil etdi və əldə olunan təcrübə əsasında öz məhsulunu təqdim etdi. Nəticədə, Gemini hazırda Google-un ən uğurlu məhsullarından biri hesab edilir. Süni intellektin gələcək inkişafı ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri onun əmək bazarına təsiridir. Bir çox insan bunu təhlükə kimi qiymətləndirir. Lakin yaxın perspektivdə əsas dəyişiklik insanların yerini tamamilə maşınların alması deyil, insanların daha effektiv işləməsinə şərait yaradılmasıdır. Əvvəllər saatlarla vaxt tələb edən bir çox işlər artıq süni intellekt vasitəsilə bir neçə dəqiqə ərzində yerinə yetirilə bilir. Məlumat toplamaq, təhlil aparmaq, mətn hazırlamaq və digər proseslər daha sürətli həyata keçirilir. Bu isə həm dövlət, həm özəl sektor, həm də fərdi fəaliyyət üçün yeni imkanlar yaradır. Əmək bazarında əsas dəyişiklik insan və süni intellekt arasında deyil, insanların öz aralarında rəqabətin artması olacaq. Süni intellekt bu rəqabətdə əsas alətlərdən birinə çevriləcək. Ondan daha effektiv istifadə edə bilən şəxslər əmək bazarında daha üstün mövqedə olacaqlar. Yaxın 4–5 il ərzində əmək funksiyalarının icrasında tamamilə yeni modelin formalaşması gözlənilir. İnsan artıq tək fərdi bacarıqları ilə deyil, istifadə etdiyi texnologiyalar və süni intellekt alətləri ilə birlikdə qiymətləndiriləcək. Necə ki, bu gün smartfonsuz, kompütersiz və elektron poçtsuz gündəlik iş həyatını təsəvvür etmək çətindirsə, gələcəkdə süni intellekt də həmin vacib alətlərdən birinə çevriləcək. Bu, insan faktorunun aradan qalxması demək deyil. Sadəcə bəzi sahələrdə optimallaşdırma prosesi gedəcək və daha az insanla daha yüksək məhsuldarlıq əldə ediləcək. Yeni dövrdə əsas üstünlük effektivlik olacaq. Müasir insan texnologiyaları bilməli, onları düzgün tətbiq etməli və dəyişən əmək bazarının tələblərinə uyğunlaşmalıdır".

 

Selcan Xudiyeva

#baki #yeni #gəlir? #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər