“Böyük Qayıdış Proqramı Azərbaycan cəmiyyəti üçün effektiv, proqressiv və real layihədir” - Sosioloq
Böyük Qayıdış Proqramı çərçivəsində Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə növbəti köç karvanı ilə gələn 27 ailəyə evlərinin açarları təqdim edilib. Köçürülən 107 nəfərdən 20 ailə (81 nəfər) Xocavənd şəhərində, 2 ailə (9 nəfər) Qırmızı Bazar qəsəbəsində, 5 ailə (17 nəfər) isə Xocavənd kəndində məskunlaşıb. Yeni sakinlər üçün zəruri infrastruktur yaradılıb, ANAMA mina təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparıb. Doğma yurdlarına qayıdan ailələr göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Böyük Qayıdış Proqramı Azərbaycan cəmiyyəti üçün effektiv, proqressiv və real layihədir və proqramın icrası nəticəsində işğaldan azad edilən ərazilərdə yenidən məskunlaşma prosesi başlayıb və getdikcə sürətlənir. Son mərhələdə Xocalı rayonunun Ballıca kəndi, Xocalı şəhəri və Xocalının digər yaşayış məntəqələrinə 27 ailənin köçürülməsi bunun praktik nümunəsidir:
“Statistikaya görə, Xocalı şəhərinə 2 ailə, Ballıca kəndinə 17 ailə və digər yaşayış məntəqələrinə də ailələr köçürülüb. Bu, minalardan təmizlənmiş ərazilərdə təhlükəsiz yaşayış üçün şəraitin yaradılması, infrastrukturun bərpası, tarixi ədalətin təmin olunması və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı baxımından çox mühüm addımlardır. 27 ailənin sayı böyük görünməsə də, hazırda minlərlə ailənin mərhələli şəkildə geri qayıtdığını nəzərə almaq lazımdır. Hazırda artıq 62 mindən çox insanın qayıdışı nəzərdə tutulur. Minaların təmizlənməsi, dağıdılan infrastrukturların bərpası və yaşayış məntəqələrinin yenidən qurulması fonunda Böyük Qayıdışın əhəmiyyəti daha da artır. Bu prosesi təkcə köçürülmə deyil, regionun yenidən qurulması prosesi kimi qiymətləndirmək daha məqsədəuyğundur”.
Ekspert hesab edir ki, bu proses regional demoqrafik balansın bərpasına, sosial-iqtisadi göstəricilərin yaxşılaşmasına və yerli sosial infrastrukturun yenidən formalaşmasına xidmət edəcək:
“Yeni yaşayış məntəqələrinin yaradılması ilə yanaşı, məktəb, tibb, xidmət və kommunal infrastrukturun qurulmasına xüsusi diqqət yetirilməlidir. Bu, yeni iqtisadi fəaliyyət sahələrinin və məşğulluq imkanlarının formalaşmasına şərait yaradacaq. Əhalinin qayıdışı kənd təsərrüfatının bərpasına, ərzaq istehsalının artmasına və yerli iqtisadiyyatın canlanmasına töhfə verəcək. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur zəngin tarixi irsi, əlverişli iqlimi və təbii resursları ilə həm daxili, həm də beynəlxalq turizm üçün cəlbedici bölgələrdir. Taktiki addımlar artıq başlayıb. İndi əsas məsələ insanların normal həyat şəraitinin və daimi məşğulluq imkanlarının təmin edilməsidir. Geri qayıdan vətəndaş bilməlidir ki, orada necə yaşayacaq, hansı işlə məşğul olacaq və əvvəlki yaşayış yerlərindən daha pis vəziyyətlə üzləşməyəcək. Peşə hazırlığı proqramları, sahibkarlığın stimullaşdırılması, sosial xidmətlərin genişləndirilməsi və mədəni mühitin inkişafı uzunmüddətli məskunlaşmanın əsas şərtlərindəndir. Sosial stress, yenidən adaptasiya və məskunlaşma məsələləri xüsusi diqqət tələb edir. Dayanıqlı qayıdış yalnız fiziki infrastrukturla deyil, sosial kapital, insan kapitalı və yerli icmalara mənsubiyyət hissi ilə tamamlanmalıdır. Qayıdış prosesinin uğuru təhlükəsizliyin təmin olunması, yaşayış şəraitinin davamlılığı və məqsədyönlü dövlət siyasəti ilə ölçülür. Ayrılan maliyyə vəsaitləri bu istiqamətdə mühüm təminat yaradır, lakin bu, prosesin yalnız başlanğıcıdır. Hüquqi məsələlərin həlli, sahibkarlığın inkişafı və yerli idarəetmənin möhkəmləndirilməsi paralel şəkildə davam etməlidir. Ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının uğuru keyfiyyətli yolların, enerji, rabitə, internet, məktəb və tibb xidmətlərinin yüksək səviyyədə təmin olunmasından asılıdır”, - o vurğulayıb.
Sonda ekspert bildirib ki, Böyük Qayıdış Proqramı Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən ən mühüm sosial, iqtisadi və mədəni layihələrdən biridir:
“Xocalıya, Ballıcaya və digər yaşayış məntəqələrinə köçürülən ailələr bu böyük prosesin tərkib hissəsidir. Qayıdış mərhələli şəkildə davam edəcək və bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün qanunvericiliyə uyğun mexanizmlər həyata keçiriləcək. Bu, əldə etdiyimiz böyük uğurların başlanğıcıdır”.
Fatimə Hüseynli