Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman iki ölkə arasında münasibətlərin Strateji Tərəfdaşlığın elan olunması ilə yeni mərhələyə yüksəldiyini bildirib. Diplomat bu barədə “X” hesabında paylaşım edib. O qeyd edib ki, tərəflər iqtisadi artım, innovasiya və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirirlər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və praqmatik xarici siyasətin mühüm nəticələrindən biridir:
“Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, etibarlı tərəfdaş kimi nüfuzunun artırılması və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Böyük Britaniya ilə uzun illər enerji sahəsində formalaşmış əməkdaşlığın artıq təhlükəsizlik, innovasiya, investisiya və yüksək texnologiyalar kimi strateji istiqamətləri əhatə etməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu tərəfdaşlıq eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun əhəmiyyətini nümayiş etdirir. Xüsusilə, son illərdə formalaşmış yeni regional reallıqlar, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri ölkəmizin Avropa dövlətləri üçün strateji əhəmiyyətini daha da artırıb. Avropa ölkələrinin Azərbaycanla siyasi dialoqun genişləndirilməsinə, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinə artan marağı da məhz bu reallıqlar və ölkəmizin beynəlxalq müstəvidə möhkəmlənən mövqeyi ilə bağlıdır. Prezident İlham Əliyevin Avropa liderləri ilə intensiv siyasi təmasları və qarşılıqlı maraqlara əsaslanan diplomatik fəaliyyəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, nəqliyyat bağlantılarında və regional sabitliyin təmin olunmasında əhəmiyyətli tərəfdaş kimi mövqeyini göstərir. Bu baxımdan Böyük Britaniya ilə münasibətlərin yeni səviyyəyə yüksəlməsi dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyasının nəticələrinin göstəricisidir”.
Mələk Hüseynova