Brüssel Azərbaycanı etibarlı və təhlükəsiz dövlət kimi görür?
Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi Ənvər əl-Ənuni Azərbaycana Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə çıxarılmasına göstərdiyi dəstəyə görə təşəkkür edib.
Onun sözlərinə görə, Azərbaycanla İran arasındakı quru sərhədi hərbi zonadan çıxış üçün əsas marşrutlardan biri hesab olunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, Avropa vətəndaşlarının İrandakı müharibə zonasından təxliyə olunmasında Azərbaycanın mühüm dəhliz rolunu oynaması təqdirəlayiqdir.
O qeyd edib:
"Bu, həm Azərbaycanın coğrafi mövqeyi, həm də ölkənin təhlükəsiz olması ilə bağlıdır. Əgər Azərbaycan özü də daxili vəziyyət baxımından riskli ölkə sayılsaydı, təbii ki, İrandan çıxmaq istəyən Avropa vətəndaşları üçün uyğun marşrut olmazdı. Buna görə də, avropalılar üçün Azərbaycanın etibarlı dəhlizə çevrilməsi, ilk növbədə, ölkəmizin sabit və təhlükəsiz olması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın Avropa ölkələri ilə münasibətləri də isti və inkişaf yönümlüdür. Avropa ölkələri ilə Azərbaycanın strateji tərəfdaşlıq razılaşmaları var.
Azərbaycanla Avropa arasında siyasi dialoqun yeni mərhələsi başlayıb. Bu günlərdə Avropa Birliyi rəhbərliyinin Azərbaycana səfəri də münasibətlərin yeni mərhələsinin başlanğıcına işarədir".
Aydın Quliyev əlavə edib ki, Azərbaycanla Avropa münasibətlərində keçmişdən qalan bəzi xoşagəlməz məqamlar da var. Onun sözlərinə görə, bu, əsasən bəzi Avropa strukturlarının Azərbaycana qərəzli yanaşması ilə bağlıdır:
"İrandakı müharibə Avropa strukturları üçün Azərbaycanla bağlı bir çox məsələlərdə dərs ola bilər. Avropa ölkələri və qurumları bundan sonra ölkəmizə münasibətdə ikili standartlara son qoymalıdırlar. Məsələn, bu günlərdə Avropa Parlamentinin Prezidenti xanım Metsola avropalıların İrandan təxliyəsi zamanı etibarlı marşrut kimi Ermənistana rəsmi təşəkkürünü bildirdi. Bu cür yanaşmalar Azərbaycanın rolunun bəzi Avropa strukturları tərəfindən lazımi səviyyədə qiymətləndirilmədiyini göstərir və bu, bizi narahat edir.
Ola bilər ki, Ermənistan da tranzit məntəqəsi kimi istifadə olunur. Lakin İrandan təxliyə məsələsində Azərbaycanın daha etibarlı marşrut olduğunu Avropa Parlamentinin sədri qeyd etsəydi, bu, çox yaxşı olardı. Təəssüf ki, bu vurğulanmadı".
Aydın Quliyev bildirib ki, beynəlxalq təxliyə əməliyyatlarında Azərbaycanın fəal iştirakı ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərir:
"Azərbaycan bundan sonra da belə proseslərdə etibarlı təxliyə məntəqəsi kimi fəaliyyət göstərəcək. İrandakı vəziyyətin region üçün risk yaratmaq potensialı hələ də böyükdür. Qarşı-qarşıya duran tərəflər arasında gedən müharibənin nə vaxt bitəcəyi hələ məlum deyil.
Belə şəraitdə bölgədə humanitar yardımlara, vasitəçilik təşəbbüslərinə və humanitar təxliyə dəhlizlərinin yaradılmasına ehtiyac qalacaq. İranla müharibə davam etdiyi müddətdə Azərbaycan kimi ölkələrin etibarlı təxliyə məntəqəsi kimi rolu daha da vacib olacaq".
Reyhan Quliyeva