“İranın müqavilədən çıxması Qərbin ona qarşı koalisiyasına yol aça bilər”- AÇIQLAMA
İran parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyi və Qərb dövlətləri ilə münasibətləri qoparmaq həddinə gətirən qanun layihəsini hazırlayıb. Qeyd olunan layiyə ölkənin "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmasını nəzərdə tutur. Parlament sədrinin müavini Əli Nikzad bəyan edib ki, sənəd "fövqəladə əhəmiyyətli" statusu ilə plenar iclasa çıxarılacaq və deputatlar həmin gün ona baxmalı olacaqlar.
Mövzu ilə bağlı siyasi şərhçi Məhəmməd Əsədullazadə "İnformator.az"a açıqlamasında bildirib ki, İranın Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədən çıxması, təbii ki, İrana qarşı qlobal koalisiyanın formalaşmasına gətirib çıxara bilər:
"Bu, İranın rəsmi şəkildə nüvə silahı əldə etməsi deməkdir və İrana qarşı müharibədə haqlı mövqe sərgilənə bilər. Amma göründüyü kimi, İranla ABŞ arasında aparılan danışıqlar vasitəsilə müəyyən irəliləyiş əldə olunub və qeyd edilir ki, İran nüvənin zənginləşdirilməsini dayandırır. Əgər İran tərəfi rəsmi şəkildə bu mövqeyi bəyan edərsə, təbii ki, İran əvvəlki mövqeyindən geri çəkilmiş olacaq. Çünki Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədən çıxmaqla İran tərəfi, qlobal olaraq ABŞ-yə mesaj verirdi ki, əgər İranla bağlı hər hansı güzəştə gedilməsə, İran bu müqavilədən imtina edə bilər".
Politoloq bildirib ki, İran tərəfi artıq ABŞ-nin iqtisadi sanksiyalarının nəticəsində müəyyən güzəştlərə getdi:
"Özü nüvənin zənginləşdirilməsindən imtina edir və bu proses, təbii ki, ABŞ-İran danışıqlarında müəyyən müsbət irəliləyiş deməkdir və İranın da Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədə qalması deməkdir. Əgər növbəti mərhələdə ABŞ və İran arasında danışıqlar nəticəsiz qalarsa və bu həftə ərzində danışıqlar keçirilərsə, ABŞ İrana qarşı sanksiyaları davam etdirərsə, hətta İran nüvənin zənginləşdirilməsindən imtina etsə belə, düşünürəm ki, İran tərəfi Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədən çıxa bilər.Bu da, təbii ki, təkcə ABŞ-nin deyil, bütövlükdə Qərbin İrana qarşı koalisiya formalaşdırmasına gətirib çıxara bilər və bu da İran üçün mənfi nəticələr deməkdir".
Mehriban Yariyeva