Bəsti Nəsibova: Hər bir tələb və tövsiyə sağlamlığımızın qorunmasına yönəlib
Bəsti Nəsibova
"Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri
Azərbaycan dövləti tərəfindən koronovirus pandemiyasının yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri görür. Bütün qabaqlayıcı tədbirlər əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunmasına yönəlib. Bu məqsədlə bir çox tədbirlər görülüb. Karantin rejiminin sərtləşdirilməsi, müəyyən məhdudiyyətlərin tətbiq olunması ilə bağlı qəbul edilən qərarlar bu qəbildəndir. Bütün qərar və tövsiyyələr ölkə daxili vəziyyəti nəzərə almaqla, beynəlxalq təcrübə də əsas götürülərək qəbul olunur.
Prezident İlham Əliyevin iştirakı ilə ötən gün 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı oldu. İkisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla 5 bu cür xəstəxananın açılışı olub. Modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Modul tipli xəstəxanalarla bağlı diqqətçəkən bir məqam da odur ki, bu xəstəxanalrın inşası ilə bağlı qərar dövlət başçısı tərəfindən pandemiyaya yoluxanların sayının bu qədər çox olmadığı dövrdə qəbul edilib. Hazırda yoluxma sayında artım bu qərarın necə doğru və vaxtında qəbul edildiyini nümayiş etdirir.
Azərbaycanda son zamanlar müasir tipli xəstəxanaların tikintisi və müasir avadanlıqlarla təchiz edilməsi nəticəsində bu gün virusla effektiv mübarizə aparmaq mümkündür. Əks halda əhali daha böyük problemlə üz-üzə qala bilərdi.
İlk dönəmlərdə karantin rejiminin sərtləşdirilməsi nəticəsində virusa yoluxanlaın sayı azalmışdı. Bundan sonra xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərar qəbul edildi. Hələ də karantinin davam etməsinə baxmayaraq, insanlar qoyulan tələblərə əməl etmədi. Nəticədə virusa yoluxan insanların sayında kəskin artım qeydə alındı.
Vətəndaş cəmiyyətinin nümayəndəsi kimi hesab edirəm ki, soydaşlarımız məsuliyyətli olmalıdır. Hər bir vətəndaş sadə gigyenik qayda və tələblərə əməl etməklə, nəinki özlərinin hətta ailə üzvlərinin və ətrafındakıların sağlamlığını qoruya bilər. Virusun geniş yayılmasının qarşısını almaq hər birimizin məsuliyyətli olmasından da asılıdır. Bu baxımdan düşünürəm ki, tələblərə əməl edilməsi üçün cərimələrin tətbiqi də qəbulediləndir. Hər birimizin nəzərə almalıyıq ki, dövlət tərəfindən qəbul edilən hər bir tələb və tövsiyə sağlamlığımızın qorunmasına yönəlib.
