Bəsti Nəsibova: Sosial şəbəkələr getdikcə həyatımızın ayrılmaz hissəsinə çevrilir
“Ailə problemlərində sosial şəbəkələrin rolunun tədqiqi” layihəsi çərçivəsində Tovuzda növbəti seminar keçirilib.
İnformator.az xəbər verir ki, seminar QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan QHT sədri Bəsti nəsibova bildirib ki, bundan öncə 3 bölgədə layihə ilə əlaqədar seminarlar keçirilib.
“Sosial şəbəkələr getdikcə həyatımızın ayrılmaz hissəsinə çevrilir. Onlardan kənar durmaq bir çox prosesdən kənar qalmağımıza səbəb ola bilər. İnsanlar artıq informasiyanı internet vasitəsi ilə əldə edir. Hər kəs istədiyi informasiyanı istədiyi mənbədən əldə edir. Sosial şəbəbkələr isə dostlarımız, tanışlarımızla ünsiyyət qurmaq, maraqlı xatirələrimizi paylaşdığımız məkandır. Onlardan istifadə edilmədikdə isə müəyyən səviyyədə geri qala bilərik. İnternetdən arzuolunan istiqamətdə istifadə etməmək isə mənfi nəticələr doğurur”, - B. Nəsibova əlavə edib.
Layihə rəhbəri vurğulayıb ki, əsas diqqət yetirməli olduğumuz məsələ sosial şəbəkələrin ailələrimiz üçün yaratdığı problemlərinin qarşısını almaqdır: “Sosial şəbəbkələrin mənfi təsiri ilə bağlı bütün dünyada həyəcan təbili çalınır. Bu şəbəbkələr vasitəsi ilə gənclərimizin təxribatyönümlü, cinayətkarlıqla məşğul olan qrupların təsirinə düşməsinin qarşısını almalıyıq. Bunun üçün ailə və cəmiyyət birlikdə çalışmalıdır.”
Daha sonra ekspert Gülü Alməmmədova çıxış edib. Onun sözlərinə görə, sosial şəbəbkələr məktəblilərin əsas məşğuliyyətinə çevrilib.
“Bu gün məktəblilərin əlində kitabdan çox telefon olduğunu görürük. Telefon və internetdən istifadə bu qədər geniş ayılmazdan əvvəl insanlar kitab oxuyurdu. Bunun da nəticəsində gənclər daha intellektual, dünyagörüşlü olurdu. İndi isə bir çox gəncin müzakirə obyekti sosial şəbəkədə paylaşılan video, şəkilllərdir. Internet isə bizə daha geniş imkanlar verir. Onun vasitəsi ilə yeni məlumatları, elmi bilikləri öyrənmək, sosial şəbəbkələrin bizim üçün yaratdığı imkanlardan faydalanmaq olar. Bunun üçün gəncləri təşviq etmək və maarifləndirməni genişləndirmək lazımdır”, - G. Alməmmədova deyib.
Seminar müzakirələrlə davam edib.
