00:00:00
Yazar
Elmira Ağayeva
12.06.2026 17:30 20 2 dəq oxuma
Siyasət

Əbu-Dabi Tehranla dialoq vasitəsilə müharibə risklərini azaltmağa çalışır”-ŞƏRH

“Əbu-Dabi Tehranla dialoq vasitəsilə müharibə risklərini azaltmağa çalışır”-ŞƏRH

Birləşmiş Ərəb Əmirlikləri və İranın milli təhlükəsizlik sahəsində yüksəkvəzifəli rəsmiləri ABŞ-İsrail hərbi əməliyyatları başlayandan sonra ilk dəfə üzbəüz görüş keçiriblər.
Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, BƏƏ və İran rəsmilərinin bu görüşü ilk növbədə Yaxın Şərqdə risklərin idarə olunmasına yönəlmiş yeni diplomatik fəallığın göstəricisi kimi qiymətləndirilə bilər:


“ABŞ-İsrail və İran arasında gərginliyin artdığı bir dövrdə Körfəz ölkələri münaqişənin öz ərazilərinə və iqtisadi maraqlarına sıçramasından narahatdırlar. Xüsusilə BƏƏ özünü regionun əsas maliyyə, logistika və investisiya mərkəzlərindən biri kimi qorumağa çalışır. Bu baxımdan Əbu-Dabinin Tehranla birbaşa təmasları genişmiqyaslı qarşıdurma riskinin azaldılması, kommunikasiya kanallarının açıq saxlanılması və mümkün böhran ssenarilərinə qarşı sığorta mexanizmi yaratmaq məqsədi daşıyır. Bu görüş eyni zamanda region ölkələrinin təhlükəsizlik məsələlərində yalnız ABŞ-yə güvənmək əvəzinə daha çevik və çoxtərəfli diplomatiyaya üstünlük verdiklərini göstərir”.


Politoloq qeyd edib ki, bu təmas müəyyən mənada İranın regional təcridinin yumşalması istiqamətində addım kimi də qiymətləndirilə bilər:


“Son illərdə İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normallaşması, Körfəz ölkələri ilə dialoqun genişlənməsi və indi də BƏƏ ilə yüksək səviyyəli təhlükəsizlik təmasları göstərir ki, region dövlətləri Tehranla tam qarşıdurma modelindən uzaqlaşmağa çalışırlar. Görüş təşəbbüsünün məhz Əbu-Dabidən gəlməsi isə BƏƏ-nin xarici siyasətində praqmatik xəttin gücləndiyini nümayiş etdirir. Əbu-Dabi anlayır ki, İran kimi böyük regional aktoru tam təcrid etmək mümkün deyil və uzunmüddətli sabitlik üçün rəqabətlə yanaşı dialoq da vacibdir. Buna görə də BƏƏ bir tərəfdən ABŞ və Qərblə strateji tərəfdaşlığını qoruyur, digər tərəfdən isə İranla münasibətləri idarəolunan səviyyədə saxlamağa çalışır. Bu, Körfəzdə son illərdə formalaşan yeni siyasi balansın əsas xüsusiyyətlərindən biridir”.


Nuray Əliyeva

#İran #İsrail
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər