Bu gün "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü"dür
Avqustun 1-i "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
BDU-nun professoru Qulu Məhərrəmli əlamətdar günün Azərbaycan üçün əhəmiyyəti barədə İnformator-a danışıb. Professor bildirib ki, Azərbaycan əlifbası və Azərbaycan dili gününün ölkədə qeyd olunması ciddi kulturoloji hadisədir: "Çünki bu, istər-istəməz dilə münasibət məsələsini gündəmə gətirir, Azərbaycan dilinin yazı qaydalarının, əlifbasının, danışıq qaydalarının problemlərini müzakirə etməyə imkan verir. Xüsusən, müstəqillik dövründə Azərbaycan dili kifayət qədər sürətli inkişafa qədəm qoyub. Dilin işlənməsi sahələri genişlənib, bütün dövlət müəssisələrində, hökumət qurumlarında Ana dili birmənalı şəkildə işlənilib".
Qulu Məhərrəmli internetin işə düşməsi ilə Azərbaycan dilinin istifadəsində çox böyük imkanlar yarandığını da ifadə edib: "Sosial şəbəkələr insanların yazı vərdişlərinin, danışıq dilinin inkişafı üçün geniş şərait yaradıb. Bunlar hamısı müsbət tendensiyalardır. Müstəqillik dövründə Azərbaycanda Ana dilinin işlənilməsi, qloballaşma şəraitində bu dilin tətbiqinin genişləndirilməsi onun dil qaydalarının, orfoqrafiyasının, orfoepiyasının inkişafı üçün 20-dən çox dövlət sənədi qəbul olunub. Hazırda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun fəaliyyət göstərir. O qanun Azərbaycan Dilinin dövlət statusunun qorunub saxlanılmasına və onun bütün sahələrdə birmənalı və normativ şəkildə işlənilməsini təmin edir. Yəni dilin işlənilməsinin qanuni, hüquqi bazası çox möhkəmdir".
Azərbaycan dilinin problemlərinə toxunan müsahibimiz bildirib ki, problemlər dil daşıyıcılarında, dil tətbiqində, Ana dilinin yazı normalarının qorunmamasında, xüsusən, gənclərin danışığında özünü göstərən yeni meyillərdir: "İndiki şəraitdə Azərbaycan dilinə kənar dillərin təsiri çoxdur. Bu təsir Rus və Türk dillərindən gəlirdisə, indi daha çox İngilis dilindən gəlir. Çünki bu dili öyrənmək istəyənlər çoxdur. İngilis dilini əsas karyera dili kimi qəbul edirlər və İngilis dilinin havasını Azərbaycan dilinə gətirməyə çalışırlar. Digər ciddi məsələ mətbuat dili ilə bağlıdır. Televiziya vər radio verilişlərinin dili, saytların dili, saytlarda kopi-peystlərin (kopyala-yapışdır) çoxalması həm də dil qaydalarının tirajlanmasına səbəb olur".
Professor əlavə edib ki, bu gün mətbuatda peşəkar, Ana dilini yaxşı bilən jurnalistlərin çatışmaması ən ciddi məsələlərdən biridir: "Media çoxşaxəli şəkildə genişlənir, amma media savadlılığı baxımından, informasiyaların doğru-düzgün çatdırılması, Ana dilinin mətbuatda işləmilməsinin əsas prinsipi olan kütləvilik prinsipinə əməl olunmaması nəticəsində xeyli dil nöqsanları ortaya çıxıb. Bir çox insanlar fikirlərini dürüst ifadə edə bilmirlər. Dil materiallarından lazımi istifadə edə bilmirlər. Təsadüfi deyil ki, bu yaxınlarda Elm və Təhsil Nazirliyi Emin Əmrullayev belə bir ifadə işlətdi ki, “Yaşı 60-dan çox olanların 25%-i nə yazdığının, nə də oxuduğunun mənasını dərk etmir”.
Ana dilini qoruya bilməyimizin, onu, həqiqətən, ruhumuzun ifadəçisi kimi işlətməyimizin və onu inkişaf etdirməyimizin əsas stimulu həmin o dilə olan sevgidir, hörmətdir.
Sayad Qoşnalıyeva
