Bu gün İŞBAZLAR gedib restoran açır, bunlara deyən yoxdur ki, sən haranı bitirmisən?
“Ümumiyyətlə, məktəblərdə, təhsil ocaqlarında direktorların özbaşınalıqları, onların bufetə dırnaq arası baxmaları qəbuledilməz bir haldır. Əgər, bir məktəbin bufeti varsa, məktəb rəhbəri müəssisəyə daxil olan qidaların hansı şəraitdə saxlanmasından, mənşəyi məlum olmasından, daşınmasından, bişirilməsindən tutmuş, hər şeyə nəzarət etməlidir”.
Bu sözləri İnformator.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Ağa Salamov söyləyib. Mütəxəssisin sözlərinə görə, məktəbin direktoru həmin müəssisənin rəhbər şəxsidir, birbaşa məsuliyyəti də o, daşıyır.
“AQTA isə öz növbəsində mütəmadi araşdırmalarını həyata keçirməlidir. Amma, görün ölkədə nə qədər məktəb var? Hər məktəbə bir komissiya yaradılsa, digər şöbələr nolacaq? Çatdırmaq olmur axı. Ona görə də hər bir şöbənin öz rəhbər şəxsi olmalıdır. İstər otellər, istər restoranlar, istərsə də təhsil ocaqlarında rəhbər şəxslər birbaşa məsuliyyət daşıyırlar”.
Ekspert deyir ki, direktorlar məktəblilərin həyatına dırnaq arası yanaşır deyə, şagirdlər də zəhərlənirlər.
“Bəzən elə olur ki, məktəbdə verilən yeməklər şagirdin xoşuna gəlmir. Buna görə də, məktəbin xaricində hansısa dönərxanadan dönər alıb-yeyir. Sonra da xəbər çıxır ki, uşaq dönərdən zəhərləndi. Bu halların dəfələrlə şahidi oluruq”.
Ağa Salamov düşünür ki, məktəblər bufetdə bir menyu formalaşdırmalıdır.
“Həmin menyunun əsasında isə uşaqların qida rasionu nəzərə alınmaqla, onlar həftəyə bölünüb, bufetə çıxarılmalıdır. Bu qidalar mütləq şəkildə sağlam qidalar olmalıdır”.
Mütəxəssisin sözlərinə görə, təəssüf ki, bu gün direktorlarımlz bu məsələyə çox məsuliyyətsiz yanaşır.
“Məsuliyyətsizlikdən insanlar zəhərlənirlər. Dönərxanalarında rəhbərliyi bu məsələyə kifayət qədər məsuliyyətsiz yanaşır. Sənin gətirdin aşpazın sağlamlıq kağızı yoxdursa, sağlamlıq testindən keçmirsə, çarpaz çirklənmələrə yol verirsə, əti düzgün şərtlər altında saxlamırsa, savadsız aşpazdırsa, peşə məktəbini belə qutarmayıbsa, o, nə ətin mənşəyini biləcək, nə də aldıqların ətin baytarlıq sertifikatın istəmək kapasitesi və hüququ olacaq”.
A.Salamov düşünür ki, rəhbərin işə aldığı savadsız adam o əti alıb gətirsə də, əti düzgün şərtlər altında saxlamağı, soyuducunun hansı dərəcədə tənzimlənməsini belə bilməyəcək.
“Sonda cəmiyyəti zəhərləyəcəklər. Bu da bilgisizlik, savadsızlığın fəsadlarıdır. Ölkədə ciddi şəkildə savadsızlıq tüğyan edir. Aşpazların arasında işpazlar qurduqları sahənin mütəxəssisi deyillər. Ona görə də bu gün hamı zəhərlənir”.
Ekspert deyir ki, AQTA-nın belə müəyyən səhvləri olur ki, tənqid edirik.
“Amma, AQTA onlara demir ki, get camaatı zəhərlə. Hər müəssisənin rəhbəri öz işinə nəzarət etməlidir. Rəhbər düşünməlidir ki, mən hansı şəraitlərlə işləməliyəm, əti necə saxlamalıyam, necə bişirməliyəm, bütün bunlar ayrıca bir elmdir. Bu gün bunları bilməyən adamlar gedib restoran açır. Bunlara deyən belə yoxdur ki, sən haranı bitirmisən? Hər sahənin mütəxəssisi, öz işin başında oturmalıdır”.
Həcər Əmiraslanlı
