Bu gün paytaxt yolları yenə keçilməz oldu
Bu gün paytaxt yollarında müşahidə edilən tıxac hər kəsin əsəblərini tarıma çəkdi, avtobuslar vaxtında dayanacaqlara çata bilmədi, yüzlərlə insan gedəcəyi ünvana gecikdi. Vəziyyəti fürsət bilən taksi şirkətləri isə qiymətləri qaldırdı. Gün ərzində baş verənləri olduğu kimi təqdim edirik.
Bu gün saat 11-12 radələrində apardığımız müşahidələr onu göstərdi ki, əslində normal vaxtda paytaxtın küçə və prospektlərində müşahidə edilən tıxac bu saatlara qədər aradan qalxırdısa, bu dəfə olmadı. Gündüz saatlarında təxac həm paytaxtın şimal və şimal-qərb, eyni zamanda cənub və qərb qapısında da müşahidə olunurdu.
Tıxacla əlaqədar bəzi avtobuslar dayanacaqlara vaxtında çata bilmir, ona görə də onlarla insan bu yağışlı havada avtobus gözləmək məcburiyyətində qalmalı olur. Dayanacaqlarda avtobus gözləməyə səbri çatmayanlar taksilərə üz tutur, bu dəfə isə onların yolunu tıxacla paralel qiymət artımı kəsir.
