"Bu gün uşaqların və yeniyetmələrdə olan əsəb pozğunluğunun əsas səbəbi telefona bağlılıqdır"
"Son dövrlərdə psixoloqa müraciət edənlərin, xüsusilə də uşaqların sayı daha çoxalıb. Düzdü, bu gün böyüklər də psixoloqa müraciət edir, amma uşaq psixoloqlarının pasiyentləri daha çoxdur".
Bu sözləri informator.az-a açıqlamasında psixoloq Gülnar Orucov söyləyib. Psixoloq deyir ki, bu gün uşaqlar nitqindəki qüsurlar, gec dil açmaları, davranış pozuntuları kimi hallarla müraciət edirlər.
"Amma bir uşaq ümumilikdə gec dil açırsa, fikirlərini ifadə edə bilmir və bu yaşdan əsəbi olmağa başlayır".
Gülnar Orucova qeyd edir ki, valideynlər uşaqlara bəzən həddən artıq icazələr verirlər, qadağalar demək olar ki, ailədə yox səviyyədədir.
"Bu uşaq artıq nə istəyirsə, alınır və valideyn istədiklərindən birini etmədikdə uşaq artıq manipulyasiya etməyə başlayır. Uşaq istəyini sözlə demir, ağlayaraq, qışqıraraq, özünü döyərək, yerə çırparaq öz istəyini bildirir və bu da həmin uşağın əsəb sisteminin pozulmasına qədər gətirib çıxara bilir".
Eyni zamanda psixoloq qeyd edir ki, valideynlər uşaqlara həddən çox telefon verirlər.
"Telefon, televizor, planşet uşaqlara həddindən çox veriləndə asılılıq yaradır və bir tərəfli ünsiyyətdir. Yəni deyir, "mən danışıram, sən qulaq asırsan". Və uşaq da ona qulaq asdıqca birinci növbədə yaşıdlarından əqli , zehni və intellekt baxımından 30% geri qalır. İkincisi, nitq qabiliyyətləri və sosial bacarıqları aşağı düşür. Eyni zamanda həddən artıq telefon, oyunlar uşaqları əsəbi edir".
Müsahibin sözlərinə görə, bu gün nəinki uşaqlar, hətta böyüklər və yeniyetmələrin əsəblərini cilovlaya bilməmələrinin məhz səbəbi telefona bağlılıqlarıdır.
"Bu gün valideynlər istəyirlər ki, uşaq sakit olsun və telefon verirlər ki, baş qarışsın, biz işimizi görək, yaxud harasa gedək, sakit oturaq. Və uşaq da bu oyunları oynaya-oynaya bir də görür ki, artıq əsəb və sinir sistemi pozulub".
Gülnar Orucova pandemiya dövründə uşaqların telefonlardan daha çox asılı vəziyyətə düşdüyünü bildirir.
" Telefona uzun müddət baxmalı oldular, müəllimlər dərslərini tez keçmələri üçün fasiləsiz onlayn dərslər keçdi. Bu nəinki uşağın sinir sisteminə, eləcə də onurğa sütununa, gözünə zərərdir. Yəni o qədər saat telefona baxmaq və hərə bir cür stullarda oturur, hərənin evində bir cür stullar var, bu da onurğa sistemində, hərəkət aparatında problemlərin ortaya çıxmasına səbəb oldu".
Psixoloq söyləyir ki, daha sonra zamanından tez böyümüş uşaqlar var, özlərini böyümüş hesab edən uşaqlar var.
"Bu tip uşaqlarda əsəb sistemi, nevroz diaqnozları qoyurlar. Və bu gün həkimlərə daha çox müraciət edirlər. Həkimlər həqiqətən çox doğru yolu göstərirlər, yəni dərmanla paralel psixoloq işləməsi olduğunu bildirirlər".
Gülnar Orucova valideynlərə ilk növbədə uşaqlarını sevməyə, diqqət və qayğı göstərməyə çağırır.
"Sevmək, diqqət və qayğı göstərmək sizin onları gəzməyə aparmağınız, ehtiyaclarını ödəməyiniz demək deyil. Sevgi söz vasitəsilə, toxunuş, dəri vasitəsilə uşağa daha çox ötürülür. Onu öpürsünüz, qoxlayırsınız, başına sığal çəkirsiniz".
Müsahibin sözlərinə görə, uşağınız əsəbidirsə, dönüb özünüzə baxmalısınız.
" Mən valideyn olaraq harda səhvə yol vermişəm ki, mənim uşağım əsəbi olur. Düzdü, bəzən genetik faktorlar var ki, bəzi xəstəliklər ata və ana ilə ötürülür, uşağın nevroz olmasına səbəb olur. Amma bu hər zaman belə olmur".
Psixoloq sonda bildirir ki, hökmən valideynlər mütəxəssisə müraciət etməlidirlər.
"Çünki valideyn mütəxəssisə müraciət edəndə o problemədə çarə tapır. Yox müraciət etmirsə, özü istəyirki, hər şeyi həll etsin, yoluna qoysun. Bu bəzən alına da bilir, alınmaya da bilir, tam tərsi də ola bilir. Ona görə mən məsləhət görərdim, mütəxəssislə çalışsınlar".
Aynur Babayeva
