BU MÖVSÜM ŞADLIQ SARAYLARINDA ENDİRİM GÖZLƏNİLMİR
Sentyabrın 16-dan Səfər ayı bitir. Amma buna baxmayaraq, artıq bir çox restoran və şadlıq sarayları bron olunub. Son aylar müşahidə edilən bahalaşma şadlıq saraylarından da yan ötüşməyib. Məhərrəm ayından əvvəl təklif edilən 35 manatlıq menyu indi 40-45, 50 manatlıq menyu isə 55-60 manata təklif edilir. İnzibatçıların sözlərinə görə, bazarda olan qiymət artımı menyuya da təsir edib.
Ekspertlər də deyirlər ki, bazar bazarı tənzimləyir. Yəni bu gün restoran və şadlıq saraylarındakı menyuda olan qiymət bazar qiymətinə uyğunlaşdırılıb. Ekspert Ruslan Atakişiyevin sözlərinə görə, şadlıq saraylarının açılması, şənlik mövsümlərinin başlanması qiymətə hər zaman öz təsirini göstərib. “Məsələn ət və ət məhsullarının qiymətində artımlar baş verir. Təbii ki, indiki dövrdə də yenə də, yəni bu artıq artan qiymət çərçivəsində o şadlıq saraylarının istər-istəməz xidmətlərində artımlar müşahidə oluna bilər və bu da təbii ki, yəni seçimlərə təsir göstərə bilər”.
Ekspert deyir ki, menyuya həmçinin yay mövsümünün bitməsi ilə əlaqədar kənd təsərrüfatı məhsullarının qiymətlərinin artması da təsir göstərir.
SƏBİNƏ
