Bu, Putinə siyasi zərbə olacaq
ABŞ Prezidenti Donald Tramp “Tomahavk” raketlərinin Ukraynaya təhvil verilməsini təsdiqləsə, bu, Rusiya lideri Vladimir Putinə siyasi zərbə olacaq.
Bu mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a bildirib ki, ABŞ Prezidenti Donald Trampın “Tomahavk” raketlərinin Ukraynaya verilməsi barədə qərarı, əgər təsdiqlənərsə, təkcə hərbi deyil, həm də ciddi siyasi nəticələr doğura bilər:
“Bu addım, hər şeydən əvvəl, NATO-nun Şərqi Avropa regionundakı mövqelərini gücləndirəcək və alyansın kollektiv təhlükəsizlik mexanizmlərini praktik səviyyədə aktivləşdirəcək. Raketlərin Ukraynaya təhvil verilməsi faktı, Rusiyanın regiondakı hərbi üstünlüyünü balanslaşdırmaqla yanaşı, Qərbin Kiyevə strateji dəstəyinin dəyişməz olduğunu nümayiş etdirəcək. Belə bir situasiya NATO-nun Avropada təhlükəsizlik siyasətinin yeni mərhələyə keçdiyini, yəni daha çox caydırıcı və preventiv xarakter aldığını göstərir. Klimkinin fikrincə, bu qərarın siyasi mesajı həm Moskva, həm də beynəlxalq ictimaiyyətə yönəlib. ABŞ və NATO bu addımla göstərmək istəyir ki, Ukraynanın müdafiəsi təkcə regional məsələ deyil, həm də Qərb dəyərlərinin və beynəlxalq nizamın qorunması məsələsidir. Bu, Putinə açıq xəbərdarlıq kimi qiymətləndirilə bilər: Rusiya hərbi təzyiqi davam etdirsə, Qərb daha yüksək səviyyəli texnoloji və strateji silahları dövriyyəyə buraxmaqdan çəkinməyəcək. Digər tərəfdən, bu mesaj həm də Çin və İran kimi Rusiyanın tərəfdaşlarına yönəlib – ABŞ göstərmək istəyir ki, onların dolayısı dəstəyi belə, balansı dəyişdirməyə yetərli olmayacaq. Bununla yanaşı, Ukraynanın “Tomahavk” raketlərini yerləşdirməsi məsələsi beynəlxalq hüquq baxımından mübahisəli ola bilər. Əgər bu raketlər yalnız müdafiə məqsədilə və ABŞ ilə qarşılıqlı razılaşma çərçivəsində yerləşdirilərsə, beynəlxalq hüquqa uyğun hesab oluna bilər. Lakin Rusiya bu addımı öz təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirərək BMT Nizamnaməsinin 51-ci maddəsinə – özünümüdafiə hüququna istinadla cavab verə bilər. Bu isə beynəlxalq arenada yeni hüquqi və diplomatik qarşıdurma müstəvisi yaradar. Nəticə etibarilə, “Tomahavk” məsələsi yalnız hərbi balans deyil, həm də beynəlxalq hüquq və geosiyasi təsir dairələri baxımından Qərb-Rusiya münasibətlərində yeni gərginlik dalğasının başlanğıcı ola bilər”.
Cavahir Əsgərbəyli