“Bu səfər Azərbaycanın Afrika siyasətinin tərkib hissəsidir” - Tural İrfan
Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Baş naziri Abiy Əhməd Əli ilə görüşüb.
Azərbaycanla Efiopiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın Efiopiyaya rəsmi səfəri və bu ölkənin Baş nazir Abiy Əhməd Əli ilə görüşü Azərbaycanın Afrika qitəsi ilə bağlı strateji hədəflərini gücləndirməyə xidmət edir:
“Bu və bu qəbildən olan səfərlər, görüşlər Azərbaycanın Afrika siyasəti baxımından mühüm əhəmiyyət kəsb edir və diplomatik coğrafiyanın genişlənməsi deməkdir. Əslində bu səfər Azərbaycanın ənənəvi xarici siyasət areallarından kənara çıxaraq Afrika qitəsində təsir dairəsini və tərəfdaşlıq şəbəkəsini genişləndirmək strategiyasının tərkib hissəsidir. Məlumdur ki, Efiopiya Afrika İttifaqının qərargahına ev sahibliyi edir. Bu ölkə ilə münasibətlərin güclənməsi Azərbaycanın bütün qitə təşkilatları və 50-dən çox Afrika ölkəsi ilə diplomatik dialoqunu asanlaşdırır. Azərbaycan Qoşulmama Hərəkatındakı aktiv liderliyindən sonra xüsusilə Afrika dövlətləri ilə ikitərəfli əlaqələrini institusional müstəviyə daşıyır. Bu münasibətlər BMT, Qoşulmama Hərəkatı və digər qlobal platformalarda səsvermə zamanı iki ölkənin bir-birinin suverenliyini və milli maraqlarını dəstəkləmə ehtimalını artırır. Həmçinin qeyd etməliyik ki, Efiopiya Şərqi Afrikada regional liderlik ambisiyaları olan ölkədir. Azərbaycan kimi iqtisadi cəhətdən güclü və müstəqil xarici siyasət yürüdən dövlətlə tərəfdaşlıq Efiopiyanın xarici əlaqələrini inkişaf etdirir. Bütün bunlarla yanaşı qanunverici orqanlar səviyyəsində əlaqələr dövlətlərarası rəsmi müqavilələrin qəbulunu və hüquqi bazanın yaradılmasını sürətləndirir. Efiopiya böyük insan resurslarına və kənd təsərrüfatı potensialına malikdir. Azərbaycan şirkətləri üçün Afrikada tekstil, kənd təsərrüfatı və infrastruktur layihələrinə investisiya yatırmaq imkanları yarana bilər. Habelə, Azərbaycanın “ASAN xidmət” və rəqəmsal idarəçilik modellərinin, eləcə də təhsil təqaüdü proqramlarının Efiopiya vasitəsilə digər Şərqi Afrika ölkələrinə ixracı üçün zəmin formalaşır. Bu yaxınlaşma Azərbaycanın logistika və tranzit imkanlarını Afrikanın sub-regional bazarlarına tanıtmaq üçün yeni platforma rolunu oynayır. Ümumilikdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın Efiopiyaya rəsmi səfəri dövlət diplomatiyasındakı uzaqgörənliklə düşünülmüş dinamik addımlardandır”.
Nuray Əliyeva