Bu söhbəti bağlamaq lazımdır
"Mövsümün ilk oyununda hədsiz dəyişiklik müqabilində nəticəyə nail olmaq çətin idi. Amma mən komandamdan razıyam, əllərindən gələni etdilər".
"İnformator.az" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, 2 epizoddan əlavə, rəqibin hansısa çaşqınlıq yaradan epizodunu xatırlamır: "Əvəzində biz hər iki hissədə qol vəziyyətləri yaratdıq. Futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. İlk oyunun çətinliyini anlamalıyıq. Yeni futbolçular hələ bir-birini anlamaqda çətinlik çəkirlər. Bugünkü oyunda qələbə əzminə görə komandama təşəkkür edirəm".
O, komandasından narazı qaldığı məqamların olmadığını dilə gətirib: "Bu futbolçular üçün komanda, çempionat yenidir. Bu gün narazı yox, üzüldüyüm məqamlar oldu. Sağ və sol vingerlərimizin məşqdə sıradan çıxmaları, məşqdə zədələnmələri bizə problemlər yaratdı. Amma digər futbolçularımıza heç bir iradım yoxdur. Qapıçı Kenan Piriçin ilk qolda mövqe səhvinin olduğunu aydınlaşdırmaq üçün təhlillər aparmalıyıq. Bunu Piriçlə danışmamışıq".
