Bu tarixlərdə çölə çıxmayın: XƏBƏRDARLIQ
Dünya isti hava dalğalarının cəngindədir. Avropa və Türkiyə üçün isə xüsusi xəbərdarlıq edilir. Bu regionda yaxın günlərdə rekord istilər qeydə alınacaq. Ancaq anomal istilərin yaşanacağı ilə bağlı praqnozlar təkcə bu ölkələrdən də ibarət deyil. Ekspertlər dünyanı görünməmiş isti hava kütlələrinə və onun gətirəcəyi yanğınlara hazır olmağa çağırır.
Ümumdünya Meteorologiya Təşkilatı həyəcan təbili çalır. Avropa, Balkanlar və Türkiyə böyük təhlükə altındadır. Belə ki, hələ Kerberos isti hava dalğasının təsirindən çıxmamış bu bölgələrə yeni-Karon adlandırılan isti hava dalğası ilə bağlı xəbərdarlıq edilib. Ekspertlər bu həftə Avropa qitəsində havanın temperaturunun azı 48 dərəcəyə çatacağını proqnozlaşdırırlar. Sözügedən temperatur isə Avropanın müasir tarixdə ölçülən ən yüksək temperaturudur.
İtaliya, İspaniya və Yunanıstanın anormal istilərin episentri olacağını deyən qərbli ekoloqlar bu ölkələr üçün xüsusi xəbərdarlıq edirlər. Çünki isti hava dalğasını müşahidə edəcək güclü külək adıçəkilən regionlarda qarşısı alınmaz meşə yanğınları riskini artırır. Meteoroloq Culyo Betti bildirir ki, iyulun 19-23-də təkcə İtaliyada deyil, Yunanıstan, Türkiyə və Balkanlarda da temperatur pik həddə çatacaq. Bu bölgələrdə yerli temperatur rekordları qırıla bilər.
Anomal istilərlə bağlı xəbərdarlıqlar Avropa və yaxın Şərqlə də kifayətlənmir. ABŞ, Asiya və Şimal yarımkürəsinin bir çox hissəsini bu yay ən isti günlər gözləyir. Dünyanın belə yerlərindən biri olan Kaliforniyanın Ölüm Vadisində havanın temperaturu bazar günü günortadan sonra 52 dərəcəyə çataraq rekorda imza atıb. Buna baxmayaraq ABŞ-nın qərbində və cənubunda 38 şəhərdə temperatur rekordlarının yenidən qırılacağı gözlənilir. Çində də həftə sonu ölkənin şimal-qərbində temperatur 52,2 dərəcəyə çatıb. Bu isə yeni rekord deməkdir. Çünki Çində qeydə alınmış ən yüksək temperatur 2017-ci ilin iyulunda 50,6 dərəcə olub. Yaponiyada isə sel sularının hakim olmasına baxmayaraq, anomal istilər olduğu kimi qalır. Ölkədə bu yay üçün ən isti gün Toyota şəhərində 39,1 dərəcə olub. Dünyanın hər yerindən yandırıcı hava ilə bağlı müxtəlif rəqəmlər səslənsə də, bu yay üçün rekord göstərici hələ ki İranın Bəsrə bölgəsinə məxsusdur. 66,7 dərəcə olaraq bildirilən temperaturun dünyanın gələcəyi üçün qorxulu olduğu bildirilir.
Dünyanın içində olduğu isti hava kabusu fonunda gələcək üçün qorxulu proqnozlar verilir. Mütəxəssilər isti hava dalğalarının El Nino-nu inkişaf etdirdiyini vurğulayırlar. Əsas xəbərdarlıqlar isə okeanların suyunun gözləniləndən artıq isinməsi ilə bağlıdır. Əsasən də Cənubi Amerika sahillərində okean suyunun həddindən artıq isinməsi ilə bağlı ciddi narahatlıq var. Qlobal olaraq müşahidə olunan anomal istilər karbon qazının nisbətinin artması, buzlaqların əriməsi ilə nəticələnəcək. Bundan əlavə, bir sıra regionlarda quraqlıq nisbətləri də artış göstərəcək ki, bu da bir çox ölkələrdə səhra iqliminin hökm sürməsi deməkdir. 2024-cü ilin dünyanın ən isti ili olacağını deyən meteoroloqlar El Nino fonunda dünyanın bəzi bölgələrini hədsiz yağışların və sel təhlükəsi gözlədiyini də dilə gətirirlər.
İsmayıl
