00:00:00
Yazar
Ayan Sadi
18.09.2026 22:42 163 2 dəq oxuma
Sosial

Bullinq və konfliktin fərqi: Şəxsiyyətə yönələn davranışlar əsas meyardır 

Bullinq və konfliktin fərqi: Şəxsiyyətə yönələn davranışlar əsas meyardır

 

 

Bullinq, xüsusilə yeniyetmələr arasında müşahidə olunan psixoloji və sosial problemlərdən biridir. Təhqir, alçaltma və şəxsin fərdi xüsusiyyətlərinin hədəfə alınması uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bullinqi adi konfliktlərdən fərqləndirən əsas məqamlardan biri isə davranışın birbaşa insanın şəxsiyyətinə yönəlməsidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Pərvanə Faiq qızı bildirib ki, bullinq ilə konflikt arasındakı əsas fərq davranışın məqsədi və istiqaməti ilə bağlıdır.

 

“Yeniyetmə və böyüklərlə işləyirəm. Yeniyetmələrlə bullinq mövzusunda illərdir intensiv fəaliyyət göstərirəm və öz müşahidələrimi bölüşə bilərəm. Bullinqlə konfliktin fərqi ondadır ki, bullinq birbaşa insanın şəxsiyyətinə, fiziki görünüşünə və ya hər hansı xüsusiyyətinə yönəlir. Burada insanı alçaltmaq, təhqir etmək, incitmək və kiçiltmək məqsədi daşıyan davranışlardan söhbət gedir.

 

Konfliktdə isə hər hansı məsələ ətrafında fərqli fikirlər ortaya çıxır. İnsanlar öz mövqelərini müdafiə edərkən sözlü və ya fiziki qarşıdurmaya girə bilərlər. Lakin konfliktin mahiyyətində mütləq şəkildə insanın şəxsiyyətini alçaltmaq və onun zəif tərəfləri üzərindən əylənmək dayanmır. Bullinqdə isə şəxsin görünüşü, xarakteri və digər xüsusiyyətləri hədəfə alınaraq onu əzmək və təhqir etmək halları müşahidə olunur”, – deyə psixoloq qeyd edib.

 

Pərvanə Faiq qızı bullinq davranışının formalaşmasında ailə mühitinin və uşağın ətrafındakı sosial münasibətlərin roluna da diqqət çəkib.

 

“Bullinqin kökünün evdən gəldiyini düşünürəm. Uşaqlıq dövründə valideynlərin başqa bir insanın zəif və ya fərqli tərəfi ilə əyləndiyini, onu alçaltdığını görən uşaq bunu istər-istəməz normallaşdıra bilər. Çünki valideynlər uşaqlar üçün rol modeldir. Daha sonra uşaq sosial mühitə daxil olduqda həmin davranışları digər uşaqlar arasında da gördükdə, bu münasibət forması onun düşüncəsində möhkəmlənə bilər.

 

Bullinq edən və bullinqə məruz qalan uşaqlarla işləyərkən onların ailələri ilə də görüşürəm. Bəzi hallarda ailə daxilindəki ünsiyyət tərzindən, münasibətlərdən və həyat tərzindən müəyyən davranış nümunələrini müşahidə etmək mümkündür. İşlədiyim nümunələrə əsasən düşünürəm ki, bullinq davranışı bəzi hallarda ailədən qaynaqlanaraq sosial mühitdə formalaşır və davamlı xarakter alır”.

 

Psixoloq bullinqə məruz qalan uşaqlarla bağlı cəmiyyətdə mövcud olan bəzi yanlış təsəvvürlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bullinqin səbəbini yalnız uşağın fiziki görünüşü ilə əlaqələndirmək düzgün deyil.

 

“Bullinqə daha çox mənəvi və psixoloji cəhətdən zəif uşaqların məruz qaldığını müşahidə edirəm. Lakin burada mütləq şəkildə uşağın fiziki görünüşündə hər hansı çatışmazlığın olması vacib deyil. Bəzən xarici görünüşü ilə bağlı heç bir problemi olmayan uşaqların da bullinqə məruz qaldığını görürük.

 

Bu, yalnız fiziki görünüşlə əlaqəli məsələ deyil. Burada insanın psixoloji gücü, iradəsi və dözümlülüyü ilə bağlı amillər də rol oynaya bilər. Bəzi uşaqlar psixoloji baxımdan daha həssas olduqları üçün bullinq davranışlarının təsirinə daha asan məruz qala bilirlər”.

 

Süsən Mərdalıqızı

#bullinq #davranışlar #yönələn #xəbər #şəxsiyyətə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər