00:00:00
Yazar
Admin User
25.12.2025 06:13 330 4 dəq oxuma
Sosial

Buludlar bu dəfə adları pıçıldadı

Aktau yaxınlığında baş verən aviaqəza zamanı son ana qədər sərnişinlərin həyatını qoruyan ekipaj üzvlərinin ailələri yaşanan dəhşəti və qəhrəmanlığın izlərini paylaşdı.
Buludlar bu dəfə adları pıçıldadı

25 Dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarına məxsus Bakı - Qroznı reysini yerinə yetirən J2–8243 nömrəli “Qusar” Embraer E190AR tipli təyyarə Qazaxıstanın Aktau şəhərindən təxminən 3 kilometr məsafədə qəza enişi edib.

Xəzər dənizi üzərində “SOS” siqnalı verən və məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib. Onlardan 3-ü ekipaj üzvləridir.

 

"İnformator.az”ın əməkdaşları Banu Məmmədova və Lalə Qafarova bu dəhşətli faciə zamanı həyatını itirən ekipaj üzvlərinin yaxınları ilə həmsöhbət olublar. Müsahibə verməkdə çətinlik çəksələr də, suallarımızı cavabsız qoymayıblar.

 

 

Son ana qədər sərnişinləri sakitləşdirməyə çalışan, “Hər şey yaxşı olacaq!” sözləri ilə yaddaşımıza əbədi həkk olunan Azərbaycan xanımı - Hökumə Əliyeva…

 

Atası Cəlil Əliyev ilk sualımızı ünvanladığımız anda keçən ilin - 2024-ün bu gününə qayıdaraq bizi də özü ilə bərabər apardı:

 

“Xəbəri eşidən andan belimiz qırıldı. Yaşamaq çox çətindir. Üstündən nə qədər zaman keçsə də, biz yaşamırıq… İçimizdəki tufan, qasırğa, yanğın bizimlə birlikdə gedəcək.

Cənab Prezident dedi ki, cinayətkarlar tapılacaq. İnşallah, tapılar və cəzasını alar. Millətimiz var olsun. Mən qızım üçün muzey tikdirmişəm. İnsanlar gəlib ürək ağrısı ilə onu yad edirlər. Bütün sənədləri, eksponatları, əşyalarını orada qoruyuram. Hamı deyir ki, cəmiyyət üçün çox faydalıdır. 

O, ali təhsilli, magistraturanı və doktoranturanı bitirmiş, alim bir qız idi. Bakı Dövlətin hüquq fakültəsini bitirmişdi. Amma təyyarə bələdçisi işləməyi seçmişdi. 2016-cı ildən Azərbaycan Hava Yollarında fəaliyyət göstərirdi". 

 

 

Gənc pilot Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova oğluyla bağlı xatirələrini bölüşüb:

 

“Doqquz yaşı olanda Saşa "Gələcəkdə kim olacaqsan?" sualına cavab olaraq yazmışdı ki, atam kimi pilot olacağam. Saşamın çox güclü xarakteri var idi. Eyni zamanda, mərd insan idi. Əsl kişi xüsusiyyətlərinə sahib idi, sözünün üstündə durmağı bacarırdı.

Söhbət əsnasında ona tez-tez deyirdim ki, bu həyat sənin üçün asan olmayacaq. O isə cavabında "Niyə?" deyə soruşurdu. Mən də belə cavab verirdim: "Çünki sən həddindən artıq tərbiyəli və xeyirxahsan".

Atası onun üçün əsl nümunə idi. Saşa dünyaya gələndə atası Birinci Qarabağ müharibəsində idi. Pilotlar tez-tez evimizə gələr, onlarla ünsiyyət qurardı. Pilot olmaq arzusu həm atasına bənzəmək istəyi, həm də bu mühitlə bağlı idi.

Atası səkkiz il əvvəl infarktdan vəfat edib.
Oğlum həyatımın mənası idi. Bu gün isə o, yoxdur… Mən isə təkəm".

 

 

Uçuşun kapitanı İqor Kşnyakinin həyat yoldaşı Yana Kşnyakina isə pilotun səmaya olan sevgisindən danışıb:

 

“Uçuş onun üçün həyatın özü idi. Həmişə deyirdi ki, uçmaq mənim üçün hər şeydir. Bununla yaşayırdı. Təsəvvür edə bilmirəm ki, uçuş olmasaydı, o nə ilə məşğul olardı. Özünü səmasız təsəvvür etmirdi. Çox xeyirxah, ailəcanlı və diqqətcil insan idi. Hər zaman ailəsinə dayaq olurdu, övladlarını çox sevirdi. Əgər bu qəza baş verməsəydi, iki ay sonra təqaüdə çıxacaqdı.

Onun son anda göstərdiyi əməl əsl mərdlik və insanlıq nümunəsidir. Bu gün mənə təsəlli verən yeganə şey də budur".

 

Digər həmsöhbətimiz Aleksandr Kalyaninovun müəllimi Səbinə Bayramovadır:

 

“Beşinci sinifdən on birinci sinfə qədər onun sinif rəhbəri olmuşam. Aleksandr çox yaxşı uşaq idi. Kiçik yaşlarından çox kitab oxuyurdu, dünyagörüşü geniş idi. Fizika, kimya və riyaziyyat fənlərini sevirdi. Azərbaycan dilində sərbəst danışırdı, ingilis, fransız və türk dillərini bilirdi. Türkiyədə təhsil almışdı.

Uşaqlıqdan pilot olmaq istəyirdi. Atası helikopter pilotu idi, amma Aleksandr həmişə təyyarə pilotu olmaq istədiyini deyirdi. Mən də ona deyirdim ki, sən yaxşı pilot olacaqsan, çünki diqqətli, məsuliyyətli və çalışqan oğlansan. Boyunun uzun olmasına görə bir az narahat idi. Boyu 1.89 metr idi. Amma bu onu yolundan döndərə bilmədi. Uşaqlıqdan hər kəsə kömək etməyə çalışırdı. Dərslərə heç vaxt gecikmirdi. Yağış, qar, tufan - heç nə onu məktəbdən saxlamırdı. Bir dəfə yaxın dostu Eminin halı pisləşmişdi. Aleksandr dərhal kömək edib pəncərəni açmışdı. Bu hadisə qəza baş verəndən sonra yadıma düşdü. Düşündüm ki, o, uşaqlıqdan qəhrəman idi.

 

Bu gün ona Milli Qəhrəman adı verilib. Amma, məncə, Aleksandr elə uşaqlıqdan qəhrəman idi". 

 

Baş vermiş qəza zamanı xidməti vəzifələrini yerinə yetirərkən sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, hava gəmisinin kapitanı İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüblər.

 

Bu faciə yalnız bir təyyarənin deyil, bir xalqın ürəyinin sındığı gün oldu. Onlar səmaya qalxanda sadəcə işə getmirdilər - başqalarının həyatını qorumağa gedirdilər.

 

Bu gün səma bir az daha kədərli, bir az daha səssizdir. Amma orada - buludların o tayında vəzifəsini son ana qədər yerinə yetirən üç qəhrəman uçuşdadır. Onlar artıq eniş etməyəcək…

 

ÇÜNKİ ƏSL QƏHRƏMANLAR YERƏ YOX, TARİXƏ ENİR! 

 

Lalə Qafarova, Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər