Buraxılış imtahanından sonra tədris lazımdırmı?
Son günlər XI sinif şagirdlərinin buraxılış imtahanını mart ayında verməsinə etirazlar yenidən gündəmə gəlib. Bəzilərinin fikrincə, tədris ili başa çatmamış buraxılış imtahanı verməyin məntiqi yoxdur. Çünki həm imtahanı verərkən şagird tam proqramı mənimsəməmiş olur, həm də imtahandan sonra onun dərsə marağı ölür və seçdiyi ixtisasa uyğun ali məktəbə hazırlaşır. Ona görə də martda buraxılış imtahanı verən şagirdin iyun ayına qədər dərsə davam etməsi məntiqsizdir.
Məsələ ilə bağlı İnformator.az-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi deyib ki, məktəblərdə siniflər üzrə şagird sıxlığını nəzərə alsaq, eyni zamanda müvafiq olaraq vahid DİM qəbul proqramına hazırlaşmadıqları üçün, tədris o əsasda aparılmadığı üçün deyə bilmərik ki, tək məktəb proqramı kifayət edir.
“Əlbəttə ki, məktəb dərsləri şagirdlərin təhsili üçün yetərli deyil. Buraxılış imtahanından sonra şagirdlərin məktəbə gedib-gəlməsi isə başqa situasiyadır. Buraxılış imtahanından sonra digər blok fənnləri, eyni zamanda Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən illik qiymətləndirmə, ümumi qiymətləndirmədən bal almaq üçün şagirdlər məktəbə getməlidir”.
Elçin Əfəndi qeyd edib ki, şagirdlər dərsə gəlməsə, sinifdə qalacaqlar.
“Dərsə gəlmədikləri dövrü qayıb müddəti kimi hesablasaq, həmin şagird dərsə gəlməsə, sinifdən sinifə keçə bilməz, eyni təhsil pilləsində qalmağa da məcbur olar. Buraxılış imtahanında şagirdlərin bilik və bacarıqlarını əhatə edən mövzulara toxunulur”.
Ekspert əlavə edib ki, şagirdlər, ümumi qiymətləndirmə, summativ və monitorinq da imtahanları verirlər.
“Bu imtahanlardan uğurla keçə bilmək üçün təbii ki, onlar tədris ili başa çatana qədər məktəbə getməyə davam etməlidir”.
Aytac Abdullayeva
