Bəzilərinin özünü anlamağa vaxtı belə olmur... Aydan Qasımova yazır
Çox gərgindir insanlar və də çox qəmgindirlər. Yorğunluqdan qaçıb telefonlarla başlarını qatmağa çalışıb yorurlar özlərini. Hər dövrdə var idi bu yanlış. Özünü yaxşı hiss etmək üçün insanların daha yorucu məşğuliyyətlərə yanaşması, özünü daha çox yorması. Buna görə də hamı üçün belə eyni olan doğruları yerinə yetirməkdə çətinlik çəkdilər. Özləri üçün yaratdıqları kiçik dünyada sıxışıb qaldılar. Hər birinin ən böyük arzularından biri xoşbəxt olmaq idi, amma xoşbəxt ola biləcəkləri şans və yollardan sırf qorxduqları üçün qaçdılar.
Kiçik, qaranlıq otaqda sıxışıb qaldılar. Pəncərələrin yerini daşla doldurub pərdələri sökdülər, çox külək olsa, o kiçicik otaqlarını dağıdar deyə. Daha bilmirdilər ki, o pəncərədən gələn narın əsinti ilə "Cəhənnəm kimidir" dedikləri isti havada, dərdlərinin, problemlərinin arasında az da olsa sərinə qovuşa biləcəklər.
Daim bir şeylərə qovuşmağa çalışdı insan. Bu yola olan eşqi ucbatından o qədər tər tökdü ki, gücü yetən işləri belə görmədi, sonraya saxladı. Bəlkə də, onu o olaraq var edən mövhumlardan, qabiliyyətlərindən, sevgilərindən qaçdı.
Bəzən daha güclü, varlı, xoşbəxt, bəzən də sadəcə özünü tapmaq istəyərkən yordu özünü.
Gözü daima müxtəlif vasitələrdə, həyatlarda idi. Bəlkə də, xəbəri yox idi ki, o həyatları yaşasa daha pis olacaqdı. Geriyə dönmək istəyəcəkdi. "Aman Tanrım, mən nə etdim axı belə.. .?" deyəcəkdi.
Bəzən də bunun tərsi olur amma. "Allah məni belə yaradıb da, nə etmək olar e?" deyib boş verir, itirir əlindəki şansı. Səviyyəsi sahib olduğu həyatın çox daha üstü, daha bacarıqlı, yüksək mərtəbə belə olsa, əl çəkir sahib olmalı olduğu həyatından.
Günümüzdə insanların əksəriyyətinin tutduğu yanlış yoldur bu. Təhsil sisteminin mükəmməl olduğunu əsla demirəm, amma tamamən yanlış olduğuna da inanmıram şəxsən. Bir çox kitabları, filmləri, insanları bu təhsil sistemi sayəsində öyrəndim. Daha doğrusu təhsil sayəsində öyrəndim. Çünki təhsil sistemləri yanlış və ya doğru olmasına baxmayaraq, müxtəlifdirlər. Amma çoxunun insana öyrətdiyi bilgilər, məlumatlar olur.
Əslində, dününürəm də, bu qanunauyğunsuzluğun böyük bir qismi də elə bu illərdə, məktəbdə oxuyan dönəmlərdə yaşanılır. "Riyaziyyatı bilmirsən, axmaqsan!" yaxud "3 almaq nədir, ondansa heç oxuma da!" düşüncəsi altında böyüdülən uşaqlar dünyaya bənzər düşüncəyə sahib uşaqlar gətirir. Lakin bir qisim bu düşüncələrin yanlış olduğunu anlayır, doğru yolu tapır, kimliyini, niyə var olduğunu qavrayır.
Bir yerdə oxumuşdum, hamı dünyaya şanslı gəlmir, bəzilərinin özünü anlamağa vaxtı belə olmur. Ümid edirəm özünüzü anlayacağınız, kimliyini qavrayacağınız, sizin üçün ən yaxşısını seçə biləcəyiniz bir yaşama sahib olarsınız. Çünki mən hədsiz qərarsız bir insan olsam belə, öz yolumu təsadüfən də olsa tapa bildim.
Yaşadığım çətinlikləri yaşamamağı, öz yolunuzu daha rahat və sərbəst şəkildə tapmanızı diləyirəm...
Aydan Qasımova
