Cənubi Qafqazda sülh gündəliyi –Kobaxidzedən Azərbaycan-Ermənistan prosesinə dəstək
Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışladığını bildirib.
Kobaxidze bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən “Çoxtərəfli Tərəfdaşlıq Sammiti”ndə çıxışı zamanı danışıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh prosesində əldə olunan canlanma bütün regionun xeyrinə olan prosesdir:
"30 ildən artıq müddət ərzində Ermənistanın apardığı siyasət nəticəsində bölgədə ciddi qarşıdurma yaranıb. Azərbaycan 2020-ci ildəki hərbi əməliyyatlar və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə vəziyyəti dəyişib və regionda yeni situasiya formalaşıb".
Ekspert qeyd edib ki, hazırda Azərbaycan sülh gündəliyini formalaşdırıb və Ermənistan üçün yeni əməkdaşlıq imkanları yaranıb. Onun fikrincə, iki ölkə arasında münasibətlərin normallaşması Ermənistanın iqtisadi imkanlarının genişlənməsinə də şərait yarada bilər.
Tofiq Abbasovun sözlərinə görə, sülhün əsas üstünlüklərindən biri ölkələr arasında münasibətlərin bərpası və yeni iqtisadi əlaqələrin qurulmasıdır. Ölkələrin bir-birindən fayda götürməsi regionda inteqrasiyanı gücləndirə bilər. Onun fikrincə, qonşu dövlətlərlə etimadlı münasibətlərin qurulması iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Siyasi şərhçi əlavə edib ki, Ermənistanın Azərbaycan və digər regional ölkələrlə əməkdaşlıqdan faydalanmaq imkanları genişdir. Bununla yanaşı, Ermənistanda bəzi qüvvələrin münasibətləri yenidən gərginləşdirə biləcək məsələləri gündəmə gətirməsi sülh prosesinə mənfi təsir göstərə bilər.
Kərki məsələsinin yenidən müzakirəyə çıxarılmasını da bu kontekstdə qiymətləndirən ekspert deyir ki, bu kimi məsələlər Azərbaycan-Ermənistan münasibətlərində gərginlik yarada bilər. Onun fikrincə, tərəflər sülh gündəliyindən uzaqlaşmamalıdır.
Gürcüstan-Azərbaycan-Ermənistan münasibətlərinə toxunan Tofiq Abbasov qeyd edib ki, üç ölkə arasında əməkdaşlığın gücləndirilməsi bütün Cənubi Qafqazın inkişafına töhfə verə bilər. Onun sözlərinə görə, regional əməkdaşlıq həm iqtisadi əlaqələri genişləndirə, həm də regionun beynəlxalq inteqrasiyasını sürətləndirə bilər.
Ekspert hesab edir ki, hər üç ölkənin özünəməxsus iqtisadi imkanları var. Azərbaycan energetika və nəqliyyat-kommunikasiya sahələrində, Ermənistan kənd təsərrüfatı və sənaye istiqamətlərində, Gürcüstan isə turizm və digər sahələrdə imkanlara malikdir. Bu potensialların birləşdirilməsi regionda iqtisadi canlanma üçün yeni şərait yarada bilər.
Tofiq Abbasovun fikrincə, Azərbaycan diplomatiyası regional əməkdaşlığın inkişafında konstruktiv mövqe nümayiş etdirir. Onun fikrincə, ölkələr qarşıdurma və eskalasiya meyllərindən uzaq durmalı, qarşılıqlı etimad və əməkdaşlıq üzərində münasibətlər qurmalıdırlar.
Aişə Mustafayeva