Çətinlik müzakirəsi başlayıb: bugünkü imtahan necə keçib?
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 24-də 2-ci və 3-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahanlar Bakı şəhəri ilə yanaşı, ölkənin 24 şəhər və rayonunda təşkil olunub.
Saytımıza danışan Azərbaycan dili müəllimi, repetitor Mayıl Soltan bugünkü blok imtahanında təqdim olunan sualların əvvəlki illərlə müqayisədə daha rahat olduğunu düşünür.

O, “İnformator.az”a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin III qrup üzrə keçirdiyi qəbul imtahanında Azərbaycan dili fənnindən istifadə olunan test tapşırıqları 2023 və 2025-ci illərdə keçirilmiş imtahanlarla müqayisədə xeyli sadə olub:
“Bugünkü imtahanda təşkil edilən qrammatika suallarının oxşarları Dövlət İmtahan Mərkəzinin test toplusunda da yer alır. Hətta bəzi mövzularda - leksika, normalar və fonetika ilə bağlı suallar daha rahat, buraxılış imtahanı səviyyəsində olub. Doğrudur, bütün imtahanlarda olduğu kimi burada da asan tapşırıqlarla yanaşı çətin tapşırıqlar da yer alıb. Lakin bugünkü çətin tapşırıqlar yazılmayacaq qədər çətin olmayıb.Əsasən, bu tip tapşırıqlar feil, həmcins üzvlər və sintaktik bölməsi ilə bağlı olub”.
Mayıl Soltan vurğulayıb ki, həmin mövzular üzrə mürəkkəb suallar əvvəlki illərin imtahanlarında da müşahidə olunub:
“Bu da yeni bir adət deyil, əvvəlki illərin imtahanlarına da baxsaq, bu mövzularda verilən suallar nisbətən mürəkkəb olur. Situasiya tipli tapşırıqlara gəldikdə isə, digər illərdən heç də fərqi yoxdur. Qısaca, normal oxuyan bir tələbə 23-27 arası yaza bilər. Təbii ki, yaxşı oxuyan abituriyent isə maksimum düzgün yaza bilərdi və belə abituriyentlər də az deyil”.
Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova bildirib ki, imtahanda proqram üzrə bütün alt standartlar əhatə olunub və hər hansı nöqsan müşahidə edilməyib:
“Suallar asan, orta və çətin səviyyələr üzrə balanslı şəkildə hazırlanıb. Azərbaycan dili fənni üzrə morfologiya, fonetika və leksikologiya bölmələrini əhatə edən suallar təqdim olunub. Bu bölmələr üzrə də asan, orta və çətin səviyyə gözlənilib. Ədəbiyyat fənnində əsas diqqət əsərlərin təhlilinə və onların üzərində işlənməsinə yönəlib. Ədəbiyyatda daha çox əsərlər və onların təhlili üzərində işə xüsusi fikir verilib. Həyat və yaradıcılıq mövzuları isə arxa planda olub . Bu da kurikulum standartlarına tam uyğundur. Çünki daha çox ədəbiyyat və həyat həqiqətləri əks olunmalıdır. İmtahan normal səviyyədə keçib, hətta orta-asan səviyyədə idi.Suallar peşəkar səviyyədə hazırlanıb. Hər tərəfdən əməyin və peşəkarlığın hiss olunduğu suallarda yeni test tiplərinə rast gəlinməyib. Biz müəllimlər adətən DİM-in marker imtahanlarında və seminarlarında yeni sual tipləri gözləsək də, bu dəfə belə olmadı. Məktəb proqramını orta səviyyədə mənimsəyən şagirdlərin bu imtahanda uğur qazanacağına inanıram. Bu göstəricilər onu deməyə əsas verir ki, keçid balları çox aşağı düşməyəcək, lakin bəzi ixtisaslarda 20-30 bal enmə gözlənilir”.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə “İnformator.az”a açıqlamasında bildirib ki, imtahanların keçirilməsi üçün ümumilikdə 230-dan artıq bina ayrılıb. Prosesin idarə olunmasına 665 imtahan rəhbəri və 5 mindən çox nəzarətçi müəllim cəlb edilib:
“İmtahan prosesinin idarə olunması üçün Dövlət İmtahan Mərkəzində operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və proses nəzarətdə olub. İlkin araşdırmalar zamanı 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə ağıllı saat aşkarlanıb. Həmin şəxslər imtahandan xaric olunub. Baş verən qayda pozuntuları ilə bağlı araşdırma aparılacağı bildirilib. İmtahanda ümumilikdə 56 min 847 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 82-si sağlamlıq imkanları məhdud abituriyent olub. Həmin şəxslərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə birinci qrup əlilliyi müəyyən edilən şəxslərə fərdi nəzarətçilər təyin olunub. Hərəkət məhdudiyyətli abituriyentlərin binalara və zallara daxil olması üçün də zəruri şərait yaradılıb”.
DİM-dən bildirilib ki, mayın 25-dən etibarən imtahan protokolları və materiallarının emalına başlanılacaq. Açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 3 həftədən sonra elan olunması planlaşdırılır.
Fatimə Hüseynli