"Cümhuriyyət bayrağı" kitabının təqdimat mərasimi keçirilib
Bu gün "Çapar yayınları"nın və "Çapar Tarix Dərgisi"nin baş redaktoru Dilqəm Əhmədin Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Cümhuriyyət bayrağı" kitabının təqdimatı keçirilib.
İnformator.az xəbər verir ki, təqdimat mərasimində naşir Yusif İlhamoğlunun açılış sözlərindən sonra Dilqəm Əhməd bayrağın tarixi və kitabın ərsəyə gəlməsi ilə bağlı məlumat verib.
Daha sonra Bakı Dövlət Universiteti(BDU) Jurnalistika fakültəsinin dosenti, müəllifin universitet dövründən müəllimi Qərənfil Quliyeva, BDU Jurnalistika fakültəsinin məzunu, Dilqəm Əhmədin araşdırmaları mövzusunda diplom işinin müəllifi Mehin Vəliyeva, AMEA Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi, "Füyuzat" jurnalının baş redaktoru Mübariz Yunus, tarixçi Əkbər Nəcəf, tarix üzrə fəlsəfə doktoru Orxan Vəli çıxış ediblər.
Kitab Azərbaycan Cümhuriyyəti dövründən bu günə kimi üçrəngli Azərbaycan bayrağının keçdiyi keşməkeşli yolun ideoloji və xronoloji təsvirindən ibarətdir. Həmçinin kitabda Azərbaycan bayrağının tarixi ilə bağlı orijinal foto və sənədlər də toplanılıb.
"Libraff"da təqdimatı keçirilən kitab Nar mobil operatorunun dəstəyi ilə nəşr olunub.
Kitabın redaktoru Sahil Sərxanlı, dizayneri Xəyal Danyaldır.
Çıxışlardan sonra kitabın imzalanma mərasimi olub, müəlliflə xatirə şəkilləri çəkilib.
.png)
