CƏBRAYILIN İŞĞAL GÜNÜ YOXDUR, BİZ ARTIQ ORDAYIQ!
23 avqust 1993-cü il... Artıq biz Cəbrayılın işğal gününü qeyd etmirik. Çünki bizim üçün 4 oktyabr 2020-ci il var... Cəbrayılın işğaldan azad olunduğu gün...
“Cəbrayıl artıq bizdədir!”. Anar Cəbrayıllı belə deyir. Əlavə edir ki, cəbrayıllılar Ali Baş Komandanın siyasətinə, şəhidlərimizin, qazilərimizin vətənpərvərliklə döyüşməsinə borcludur. Cəbrayılın azadlığı üçün Ali Baş Komandana, Müzəffər Azərbaycan Ordusuna təşəkkür edən, şəhidlərə Allahdan rəhmət diləyən, əslən Cəbrayıl rayonu Balyand kəndindən olan Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı illər sonra öz vətəninə gedərkən keçirdiyi təəssüratlarını da bizimlə bölüşür. “Cəbrayıla həm işlə bağlı, həm də illərdir ayrı düşdüyüm vətənimi doya-doya görmək üçün etdiyim səfərin sayını itirmişəm. Cəbrayıla 44 günlük müharibənin odlu-alovlu günlərində, oktyabrın 20-də də baş çəkmişdim”.
Hərbi hissəni su ilə təmin etdiklərini deyən Anar bəy top, atəş səslərini yaxından eşitdiyini bildirir. “Həmin ərazilərdə olarkən o qədər xatirələr ağlıma gəlir ki.. Öncə uşaqlığımı, dünyasını dəyişmiş atamı, acısı, şirini ilə bütün xatirələrimi anıram. Bu gün özünü xoşbəxt hiss edirəm ki, ona doğma olan torpaqlar yad əllərdə deyil. Anar Cəbrayıllı deyir ki, azad olunandan sonra ilk dəfə getdiyi kəndinin girəcəyində yerləşən qəbirstanlıqda dünyasını dəyişənlər üçün salavat çevirib. Mina təhlükəsi səbəbilə hələ də oraları doya-doya gəzə bilmədiyindən təəssüflənən müsahibim dağıdılmış böyüdüyü evlərindən, yanıb kül olmuş bağlarından, quruyan kəhrizlərindən ürək ağrısı ilə danışır. Növbəti səfərinin isə qarşıdakı aylarda baş tutacağını bildirir.
ÇİNARƏ MURADOVA
