"Çempionatda fərqlər böyüyür" - ŞƏRH
Misli Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlanıb. XXV turun matçında “Neftçi” “İmişli”nin qapısından 6 cavabsız top keçirib. Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, “İmişli”nin məğlubiyyətləri, ümumiyyətlə, bu cür nəticələr çempionatın səviyyəsinə təsir etmir:
“Yəni dünyanın hər yerində- hətta İngiltərə Premyer Liqası, İtaliya, Fransa, İspaniya kimi çempionatlarda da böyükhesablı məğlubiyyətlər tez-tez qeydə alınır. Təbii ki, ‘İmişli’nin bu hesabla uduzması komandanın zəif olduğunu göstərir. Amma bir çempionatda bütün komandalar eyni səviyyədə ola bilməz. Bu, qeyri-adi hal deyil. ‘Neftçi’ son vaxtlar kifayət qədər güclənib və Yuri Venidovun rəhbərliyi altında komanda uğurlu qrafik üzrə irəliləyir. Legionerlər daha yaxşı çıxış etməyə başlayıblar, baş məşqçi onların potensialını ortaya çıxara bilir. Yəni bu nəticə yalnız ‘İmişli’nin zəifliyindən deyil, həm də ‘Neftçi’nin güclənməsindən xəbər verir. Düşünürəm ki, bizim çempionatda belə böyükhesablı qələbələr daha çox da ola bilər. Əslində bu, çempionata maraq qatan amillərdən biridir. Xüsusilə ‘Neftçi’ kimi komandalar böyük hesabla qalib gələndə azarkeşlər daha çox həvəslənir. Onlar daha çox qol, maraqlı kombinasiyalar izləyirlər və bu da növbəti oyunlarda tribunalara gəlmək üçün əlavə stimul yaradır. Buna görə də, bu cür nəticələri normal qarşılamaq lazımdır”.
Günel Əlili