Çempionlar Liqası: “Sabah” “Borussiya Dortmund”a uduzub
UEFA Çempionlar Liqasının III turunda “Sabah” Bakıda Almaniyanın “Borussiya Dortmund” klubuna 1:2 hesabı ilə məğlub olub. “Sabah”ın yeganə qolunu Eyden Makkarti, rəqibin qollarını isə Seru Girassi vurub. Komanda növbəti turda “Viking”lə qarşılaşacaq.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında idman şərhçisi Kənan Məstəliyev bildirib ki, "Borussiya"ya məğlubiyyətin əsas səbəbi komandamızın və təmsilçimizin Çempionlar Liqasında yetəri təcrübəsinin olmaması oldu:
“Çünki avrokuboklarda yarışan komandaların əsas bildiyi məhz təcrübə olur. Xüsusilə də bu Çempionlar Liqasında özünü göstərir. Çünki təkcə təcrübəli oyunçuları və ya yaxşı oyunçuları yığmaqla qələbə qazanmaq çətin məsələdir.
Azərbaycan komandası beynəlxalq səviyyədə olan yarışlarda çox az iştirak elədiyinə görə - məsələn, "Sabah" çox az iştirak elədiyinə görə və həmin o çətinlikləri, rəqibin o oyunçu üslubu və digər bu kimi bütün bacarıqlarını daxili çempionatda, Azərbaycan çempionatında görmədiyinə görə, buna öyrəşmək çətinlik yaradır. Əlbəttə qarşılaşdığı "Borussiya" kimi və digər komandalarla qarşılaşanda vurulmuş xallar belə yaranır və rəqib əlinə düşən şanslardan istifadə edərək qələbəni bayram edir”.
Müsahibin sözlərinə görə, ümumilikdə "Sabah" çox gözəl futbol oynayıb:
“Əzmkar, mübaririz oyun nümayiş etdirdi, rəqibindən qorxmadı. 90 dəqiqə ərzində bir dəfə də olsun geri çəkilmədi, vaxt aparmağa çalışmadı.
Rəqib oyunçular da, məşqçilər də bunu gözləmədiklərini, rəqibin bizim "Sabah"ın onları çətin vəziyyətə saldığını özləri etiraf elədilər.
İndi yaxşı oynadıq, sadəcə təcrübəmiz çatmırdı ki, əlimizə düşən imkanlardan maksimum yararlanaraq nəticə əldə edək. Amma bu, gələcək üçün bir təcrübə oldu ki, komanda növbəti qarşılaşmalarda, məsələn, həmin "Vikinqur"lə qarşılaşmada daha hazırlıqlı, istəkli olacaq”.
Şərhçi qeyd edib ki, "Vikinqur" təcrübəli, güclü komanda olsa da, “Sabah” onunla baş-başa oynayacaq, hətta onu yenməyə belə iddiası olacaq:
""Vikinqur"lə qarşılaşmada oyun səfərdə olmasına baxmayaraq, qələbə şansımız heç də az deyil. Çünki "Sabah"ın heyətində yaxşı futbolçular var. Baş məşqçi isə təcrübəlidir, Çempionlar Liqası görən məşqçidir.
Mən düşünürəm ki, "Dortmund"a məğlub olmağımıza baxmayaraq, bu matçdan çıxartdığımız dərslər, nəticələr bizə qarşıdakı matçlarda qələbələr əldə etməyə kömək edəcək”.
Aysu Abbasova