Çexiya Baş nazirinin Bakı səfəri siyasi və iqtisadi əməkdaşlığa təkan verə bilər
Çexiyanın Baş naziri Andrey Babiş apreldə Bakıya səfər etməyi planlaşdırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Azərbaycan və Çexiya arasında siyasi, diplomatik, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı baxımından baş nazirin Bakıya səfəri əhəmiyyətlidir:
“Azərbaycan ilə Çexiya arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji prioritetlərə əsaslandığını nəzərə alsaq, qarşılıqlı səfərlərin labüdlüyü anlaşılır. Hələ 2015-ci ildə imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir. Siyasi yöndə münasibətlərin aktuallığını nəzərə alsaq, hazırda hər iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi zərurəti ortaya çıxır. Beləliklə, Çexiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələsi aktuallaşır. 2025-ci ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 485 milyon dollar təşkil edib. Çox güman ki, bu dövriyyənin daha da artırılması üçün müvafiq işlərin görülməsi də müzakirəyə daxil olacaq. İnvestisiya sahəsində əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alsaq, bu dövriyyənin genişləndirilməsi imkanlarının olduğunu da nəzərə almalıyıq, çünki 2011-ci ildə imzalanmış “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” birgə layihələr, həmçinin, kapital axını üçün möhkəm hüquqi baza yaradır. Çexiyaya məxsus 25 şirkət Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Hazırki durumda məhz belə şirkətlərin Azərbaycanda geniş fəaliyyətinə ehtiyac var”.
Əlavə olaraq, politoloq bildirib ki, həmçinin, Çexiya ilə enerji, nəqliyyat, sənaye, ticarət və digər istiqamətlər üzrə səmərəli əməkdaşlıq potensialı mövcuddur ki, bu yöndə də yeni işlərin görülməsi, bu yöndə müvafiq addımların atılması vacibdir:
“Xüsusən, Qarabağın azad edilməsindən və sülh mühitinin yaranmasından sonra bir çox xarici ölkənin investisiya yatırımı səyləri mövcuddur. O cümlədən, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, Ələt azad iqtisadi zonası, sənaye parkları və azad edilən ərazilərimizdə investorlar üçün yaradılan imkanlar, nəqliyyat-tranzit potensialı Çexiyanın da diqqətini çəkməkdədir. Bu nüansları nəzərə alsaq, Çexiya ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafına yaranan zərurəti görə bilərik. Baş nazirin səfəri hər iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Avropa ilə münasibətlərin, siyasi əlaqələrin tərkib hissəsi kimi bu ziyarət yeni bir mərhələnin başlanğıcı ola bilər. Bu və bu kimi görüşlərin mahiyyəti Azərbaycanın siyasi, iqtisadi, ticari əlaqələrə açıq olduğunu, sülh və sabitlik şəraitində, qarşılıqlı etimad kontekstində hərtərəfli münasibətlərdə marağını bir daha ortaya qoyur. Avropa İttifaqına üzv ölkələrin Azərbaycanla münasibətlərinin inkişafı eyni zamanda siyasi, diplomatik fəaliyyətin də səmərəsi kimi dəyərləndirilə bilər”.
Səadət Əlizadə
