Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Abraham Hamadeyi qəbul edib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki,ABŞ rəsmisinin Bakı səfəri iki ölkə münasibətlərinin inkişafına marağın göstəricisidir:
“Amerikadan belə yüksək səviyyəli bir rəsminin Bakıya səfəri xoş hadisədir. Bu, ən azı onu göstərir ki, həm ABŞ, həm də Azərbaycan iki ölkə arasındakı münasibətlərin inkişaf edən xətt üzrə davam etməsində maraqlıdır. Bu baxımdan, keçirilən görüşün gələcəkdə ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verəcəyi ehtimal olunur. Görüşdə müzakirə olunan məsələlərə gəldikdə isə, hazırkı mərhələdə beynəlxalq mövzulardan daha çox ikitərəfli münasibətlər və regional əməkdaşlıq ön plandadır. Xüsusilə Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin daha səmərəli işləməsi kimi layihələr gündəmdədir. Tərəflərin bərabərhüquqlu əməkdaşlıq çərçivəsində bu layihələrdən qarşılıqlı fayda əldə etməsi əsas müzakirə istiqamətlərindən biri kimi qiymətləndirilə bilər. Eyni zamanda, Cənubi Qafqazda formalaşan yeni status-kvo, Ermənistanda baş verən son siyasi proseslər və gələcəyə dair mümkün ssenarilər də müzakirə mövzuları sırasında ola bilər.
Ümumilikdə, bu səfərin reallaşması ABŞ-nin Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini göstərir. Görüşlərin yüksək səviyyədə təşkili isə Azərbaycanın da qarşılıqlı əməkdaşlığa müsbət yanaşdığını nümayiş etdirir. Bu baxımdan, hər iki tərəfin gələcək əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğu aydın görünür. Dəyişən qlobal siyasi reallıqlar da bu münasibətlərin daha da inkişaf etməsi üçün əlverişli zəmin yaradır”.
Arzu Poladova