00:00:00
Yazar
Elmira Ağayeva
07.07.2026 17:51 85 2 dəq oxuma
Gündəm

Ceyhun Bayramov BMT-nin yeni rezident əlaqələndiricisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ceyhun Bayramov BMT-nin yeni rezident əlaqələndiricisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

 

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib. Görüş zamanı Azərbaycan–BMT əməkdaşlığının mövcud gündəliyi, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivə Sənədi çərçivəsində tərəfdaşlığın yeni mərhələsi müzakirə olunub.


Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Birləşmiş Millətlər Təşkilatı beynəlxalq aləmdə əvvəlki nüfuzunu itirməkdədir:

“Müasir dövrdə dünya siyasəti artıq beynəlxalq hüquqdan daha çox güc amili ilə tənzimlənir. Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması ilə bağlı BMT-nin dörd qətnaməsi olsa da, bu sənədlər icra edilməyib. Ermənistan həmin qətnamələri tanımayıb və yerinə yetirməyib. Beynəlxalq hüququn pozulmasına dair digər nümunələr də mövcuddur. Belə ki, İsrailin BMT-dəki nümayəndəsinin təşkilatın nizamnaməsini rəsmi tribunadan cıraraq yerə atması beynəlxalq hüquq normalarına hörmətsizliyin açıq göstəricisi olub. Bu kimi hadisələr BMT-nin dünya siyasətində təsir imkanlarının zəiflədiyini göstərir. Buna baxmayaraq, BMT hələ də beynəlxalq münasibətlərin tənzimlənməsi, dialoq və fikir mübadiləsi üçün mühüm platforma olaraq qalır. Azərbaycan da üzv kimi təşkilatın nizamnaməsinə sadiqdir və məhz Nizamnamənin 51-ci maddəsinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın özünümüdafiə hüququndan istifadə etdiyini xatırladan politoloq bildirib ki, ölkəmiz BMT-nin müxtəlif qurum və komissiyaları ilə əməkdaşlığı davam etdirir. COP29 tədbirinin BMT çərçivəsində həyata keçirilən layihə olduğunu və Azərbaycanın bu tədbiri yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, BMT-nin yeni rezident əlaqələndiricisinin təyin olunması Azərbaycanla təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir və bu məqsədlə mütəmadi görüşlər keçirilir. Azərbaycan bütün problemlərin BMT-nin nizamnaməsi çərçivəsində, beynəlxalq hüquqa uyğun şəkildə həllində maraqlıdır. Bu mövqe təkcə regional məsələlərə deyil, qlobal problemlərə də aiddir. Azərbaycan beynəlxalq mübahisələrin BMT platformasında müzakirəsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Ceyhun Bayramovun BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşü Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək niyyətinin göstəricisidir. Dünyada sülh və sabitliyin təmin olunması üçün BMT-nin nüfuzunun artırılmasının vacibliyini vurğulayan politoloq hesab edir ki, təşkilat öz fəaliyyətinə yenidən baxmalı və səlahiyyətlərini gücləndirməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikrini xatırladaraq bildirib ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü mövcud qlobal problemlərin qarşısını almaqda acizdir. Bu baxımdan, onun fikrincə, gələcəkdə Türk Dövlətləri Təşkilatının da Təhlükəsizlik Şurasında təmsil olunması məsələsi müzakirə oluna bilər. Politoloq hesab edir ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli və bu, qlobal ədalətin təmininə töhfə verə bilər”.

 

Mələk Hüseynova

#BMT #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər