Ceyhun Bayramov Özbəkistanın Xarici İşlər naziri ilə görüşüb
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Baxtiyor Saidov ilə görüşüb.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin arasında münasibətlərin inkişafı sürətlə davam edir:
“Təbii ki, etnik kökləri, mədəniyyəti, dini və bir çox dəyərləri eyni, hətta ortaq olan Türk dövlətləri arasında əlaqələrin inkişafı, yeni münasibətlərin qurulması əsla əngəllər yaratmır. Əksinə bu dövlətlərin xeyrinə və xalqın da sevincinə səbəb olur. Ölkə liderləri davamlı şəkildə qarşılıqlı görüşürlər, səfərlər edirlər. Xarici İşlər nazirlərinin Özbəkistandakı görüşü də təbii ki, ölkələrarası əlaqələrin inkişafına xidmət edir. Özbəkistan ilə əvvəldən də müxtəlif sahələrdə əlaqələr yüksək səviyyədə olub, lakin hazırda, xüsusən Türk Dövlətləri Təşkilatındakı rolu baxımından bu əlaqələr daha da yüksəlməkdədir. İqtisadi, ticari, mədəni və başqa sahələrdəki münasibətləri davam etdirməklə Türk Dövlətləri Təşkilatı çərçivəsində zəruri addımların atılması da lübüddür ki, bu da dövlət rəsmiləri tərəfindən müzakirə və mübadilə olunur. Azərbaycan və Özbəkistan arasındakı əlaqələrin inkişafı, bir-birinə siyasi dəstək verməsi regionda Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Qarabağ zəfəri ilə regionda öz qüdrətini və rolunu sübut edən Azərbaycanın hazırda da sülhü və sabitliyi təmin etməsi Türk Dövlətləri Təşkilatındakı dövlətlər ilə də yeni və daha səmərəli münasibətlərin qurulmasına vəsilə olur. Cənubi Qafqazda, ümumiyyətlə regionda Rusiya və İran basqısına qarşı bu birliyin rolu böyükdür, əhəmiyyətlidir. Əslində Zəngəzur dəhlizi vasitəsi ilə bütün region ölkələri əlaqələrini ticari, iqtisadi münasibətləri davam etdirə bilərlər. Ancaq Özbəkistan və digər Türk dövlətlərinin Azərbaycana siyasi dəstəyi bunun reallaşması üçün davam etdirməlidirlər. Hazırda Azərbaycan Türk dövlətləri üçün bir mayak rolundadır. Zəngəzur dəhlizinə qarşı süni maneələrin dəf olunması, regionda sülhün, sabitliyin davamiyyəti üçün, habelə hər iki ölkənin digər maraqları naminə Özbəkistan ilə daha sıx əlaqələrin olması zəruridir. Bu həqiqətdən doğan reallığa görə də hazırda sözü gedən münasibətlər inkişaf etməkdədir”.
Aytac İbrahimova