00:00:00
Yazar
Elmira Ağayeva
19.06.2026 21:15 27 3 dəq oxuma
Siyasət

Ceyhun Bayramov və İshaq Dar ABŞ-İran razılaşmasını müzakirə edib

Ceyhun Bayramov və İshaq Dar ABŞ-İran razılaşmasını müzakirə edib

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Darla telefon danışığı aparıb. Tərəflər ABŞ ilə İran arasında əldə olunan Anlaşma Memorandumu ətrafında fikir mübadiləsi aparıblar.Danışıqlarda Pakistanın vasitəçilik rolu yüksək qiymətləndirilib, razılaşmanın regionda gərginliyin azalmasına və diplomatik həll yollarına töhfə verəcəyi vurğulanıb. Həmçinin ikitərəfli və regional məsələlər müzakirə edilib.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistanlı həmkarı İshaq Darla ABŞ ilə İran arasında əldə olunan Anlaşma Memorandumu ətrafında müzakirələr aparması tamamilə təbiidir:

 

“Çünki bu anlaşma yalnız ABŞ-İran münasibətləri baxımından deyil, daha geniş mənada Yaxın Şərq və Cənubi Qafqazdakı təhlükəsizlik mühitinə təsir edə biləcək prosesdir. ABŞ və İran uzun illər ərzində qarşıdurma xəttində olan iki əsas regional və qlobal aktordur. Buna görə də hər hansı anlaşma ilk növbədə gərginliyin idarə olunması baxımından əhəmiyyətlidir. Əgər bu razılaşma davamlı diplomatik mexanizmə çevrilərsə, regionda hərbi eskalasiya risklərinin azalmasına, enerji bazarlarında sabitliyin artmasına və ölkələr arasında kommunikasiya kanallarının genişlənməsinə şərait yarada bilər. Təhlükəsizlik balansı baxımından əsas məsələ ondan ibarətdir ki, ABŞ-İran münasibətlərində yumşalma regiondakı digər aktorların davranışlarına da təsir göstərə bilər. İranın beynəlxalq sistemə daha çox inteqrasiya olunması onun iqtisadi imkanlarını genişləndirə, regional siyasətdə daha fərqli alətlərdən istifadə etməsinə səbəb ola bilər. Eyni zamanda, ABŞ üçün də diplomatik dialoq Yaxın Şərqdə gərginliyin idarə olunması baxımından alternativ imkanlar yaradır. Pakistanın bu prosesdə vasitəçi rolunun ön plana çıxması isə ayrıca diqqətəlayiqdir. Pakistan həm ABŞ ilə münasibətlərə, həm də İranla tarixi və coğrafi yaxınlığa malik ölkədir. Bu baxımdan İslam dünyasından olan bir dövlətin iki mürəkkəb tərəf arasında dialoqa töhfə verməsi yeni diplomatik yanaşmanın göstəricisi sayıla bilər. Bu, göstərir ki, müasir beynəlxalq münasibətlərdə yalnız böyük güclər deyil, regional dövlətlər də vasitəçilik və böhranların həlli prosesində mühüm rol oynaya bilirlər.
Azərbaycan üçün də bu proses bir neçə istiqamətdə imkanlar yarada bilər. İlk növbədə, regionda sabitliyin artması Azərbaycanın iqtisadi və nəqliyyat layihələri üçün daha əlverişli mühit formalaşdırır. Cənubi Qafqazın Şərq-Qərb və Şimal-Cənub bağlantılarında rolu artdığı üçün regional gərginliyin azalması tranzit və logistika imkanlarını genişləndirə bilər. Digər tərəfdən isə ABŞ-İran münasibətlərində müəyyən yumşalma Bakı üçün balanslaşdırılmış regional siyasətin həyata keçirilməsi baxımından əlavə imkanlar yarada bilər”.

 

Politoloqun sözlərinə görə, Cənubi Qafqaz kontekstində belə razılaşmaların digər mühüm təsiri ondan ibarətdir ki, regionda qarşıdurma deyil, iqtisadi əməkdaşlıq gündəliyinin güclənməsi üçün şərait yaradır: 

 

“Enerji, nəqliyyat, ticarət və kommunikasiya layihələri daha sabit siyasi mühit tələb edir.
Ümumilikdə isə ABŞ-İran anlaşması hələ tam yeni regional reallıq yaratmasa da, diplomatiyanın yenidən ön plana çıxmasının göstəricisidir. Azərbaycan baxımından əsas perspektiv bu prosesdən yaranan sabitlik imkanlarından istifadə edərək iqtisadi bağlantıları, regional əməkdaşlığı və balanslı xarici siyasəti daha da gücləndirməkdir”.


Mələk Hüseynova

#ABŞ #İran #Pakistan #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər