Cəhd etməklə sadəcə qazana bilərsiniz, nəinki itirmək
"İnformator.az" saytının "Xaricdə təhsil alan tələbələr" rublikasının növbəti müsahibi Rəhim Abasovdur.
Rəhim Abasov kimdir?
Mən, Rəhim Abasov 10 may 2002-ci il tarixində Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuşam. 2023-cü ildə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsi, SABAH qruplarında bakalavr təhsilimi akademik fərqlənmə ilə bitirmişəm. Hazırda isə 2023/25-ci illər üzrə Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüdünün hüquqşünaslıq ixtisası üzrə Respublikada yeganə qalibi, dünyada isə qazanan 2 hüquqşünas tələbədən biri kimi Beynəlxalq Hüquq üzrə magistr təhsilimi CAU Kiel Universitetində, Avropada təsis olunmuş ilk beynəlxalq hüquq institutu olan Walther Schücking İnstitutunda (ingilis/alman dillərində) davam etdirirəm.
Niyə Almaniyada DAAD proqramı ilə təhsil almağı seçdiniz?
Dünyanın ən qabaqcıl təhsil sistemlərindən birinə sahib Almaniyada DAAD kimi prestijli və rəqabətli bir təqaüd proqramının mənə qazandıracağı çox üstünlüklər olduğu üçün qərarımı bu yöndə verdim. Bunu daha aydın şəkildə 3 əsas səbəb kimi belə ifadə edərdim:
1) İlkin olaraq alman unikal akademik mühiti və təcrübəsi ilə tanış olmaq imkanı idi ki, bunu başqa ölkələrdə təcrübə etməniz çox çətindir. Sahənizdən asılı olmayaraq, yanaşma tərzlərini mənimsədikdən sonra istənilən istiqamətdə tətbiq etmə imkanınız olur, bu da gələcək inkişafınız üçün çox önəmli addımlardan biridir.
2) Proqram sizə alman dilini, dolayısı ilə mədəniyyətini də öyrənmək üçün çox imkanlar yaradır. Almaniyaya gəldikdə B1 səviyyəsini bitirmiş olsam da, almanca ünsiyyət qura bilmirdim. Lakin, Münchendəki dil kursunda iştirakımdan sonra təkcə dil səviyyəmi inkişaf etdirməklə kifayətlənmədim, həm də alman mədəniyyəti ilə yaxından tanış ola bildim, hansıki bu çox maraqlıdır.
3) Fikrimcə, son olaraq üstünlüklərdən biri də yüksək intellektli mühit yaratmaq və əhatənizi müsbət yöndə dəyişdirmək imkanıdır. DAAD təqaüdünə seçilən şəxslər arasında heç bir halda təsadüf, şans kimi faktorlar rol oynamır. Həqiqətən də, sahəsində kifayət qədər yaxşı işlər bacarmış və bu ada layiq olacaq gənclər seçilir və bunun şahidi oldum. Münchendə dil kursunda birlikdə olduğum 10 nəfər Azərbaycanlı DAAD təqaüdçüləri mənim Almaniya macəramı möhtəşəm edən dostlar olmaqla bərabər, həm də qürur duyduğum və inanıram ki, Azərbaycanın gələcəkdə də qürur duyacağı şəxslərdən olacaqlar.
Niyə məhz həmin ölkəni/universiteti seçmisiniz?
Alman təhsil sisteminin bildiyiniz üstünlükləri ilə bərabər, ingilis dilindən əlavə, dilini bildiyim və inkişaf etdirə biləcəyim ölkədə təhsil almaq istəyirdim. Belə düşünürəm ki, ingilis dili artıq əmək bazarında üstünlük olmaqdan çıxır, bu səbəbdən başqa dilləri sahəvi öyrənmək lazımdır. Yəni alman dilini də gündəlik danışıq üçün yox, məsələn, mənim ixtisasım üçün hüquqi səviyyədə bilmək tələb olunur. Almaniyada da bunun üçün kifayət qədər yaxşı şərait var, yəni sizin alman dilini mükəmməl öyrənə bilməyiniz üçün əllərindən gələni edirlər. Hazırda Beynəlxalq Hüquq üzrə magistr təhsili aldığım CAU Kiel Universitetini seçməyimdə səbəb buradakı Beynəlxalq Hüquq üzrə Walther Schücking İnstitutunun Avropada təsis olunan ilk beynəlxalq hüquq institutu olması və bu sahədə araşdırmaları ilə dünyaca məşhur olmasına görədir. Eyni zamanda bəzi dərslərimi alman dilində də seçə bilmə imkanının olması çox faydalıdır. Və digər səbəbi də, təbii ki , dərslərin interaktiv müzakirə, tələbələrin hər birinin fikrinin önəmsənilməsi, keys təhsili üzərində qurulmasıdır. Düşünülənin tam əksinə olaraq, hüquqşünaslar üçün qanunları əzbərləmək yox, onları başa düşmək, məntiqi və hüquqi arqumentasiya edə bilmək və onları real həyati situasiyalarda tətbiq edə bilmək bacarığı önəmlidir ki, Almaniyada da bir çox universitet dərsləri bu istiqamətlərdə tədris edir.
Təhsil aldığınız müddətdə hansı problemlərlə qarşılaşırsınız?
Təhsil aldığım müddətdə ilkin olaraq “alman dəqiqliyi” deyilən anlayışın yalan olduğu qənaətinə gəldim, hansı ki bunu almanlar özləri də təsdiqləyir. Tez-tez nəqliyyat sistemində baş verən gecikmələr, görüş saatı götürməyinizə baxmayaraq uzun müddət gözləməyiniz və s. kimi hallar , həqiqətən də, deyilən fikirlərin doğru olmadığını göstərir.
Daha sonra isə, ölkəmizdəki səmimi dostluq mühitini, insanların bir-birinə mehriban və qayğıkeş münasibətini burada görməyiniz çətindir və sizdən də bunu gözləmirlər. İndi deyəcəyim isə həm müsbət, həm də mənfi cəhət kimi qarşılana bilər. Burada bir çox hallarda sizin komfort zonanızdan çıxmağınıza səbəb olacaq hallarla üzləşə bilərsiniz ki, bu həm sizi müəyyən çətinliklərlə üzləşdirəcək, həm də inkişaf etdirəcək.
Almaniyada, ümumiyyətlə xaricdə təhsil almaq istəyən gənclərə tövsiyəniz?
Bütün gənclərə əsas tövsiyəm həyatda hərşeyi alınana kimi, sonuna qədər sınamalarıdır. Almaniyada olduğum müddətdə bir neçə dəfə təcrübə etdiyim hal o idi ki, əlinizdəki bütün vasitələr tükənənə qədər “alınmır” demək lazım deyil, sona qədər getmək lazımdır. Cəhd etməklə heç bir şey itirməyəcəksiniz, sadəcə qazana bilərsiniz. Almaniyanı özümə hədəf seçdikdən bəri , istər müraciət etməyə universitet tapa bilməməyimin, istər qalmağa ev tapa bilməməyimin, hər birinin öhdəsindən sadəcə birdəfə daha cəhd etməklə gələ bildim. Daha sonra isə Almaniyanın depressiv və ya monoton bir yer olması haqqında da streotiplərə inanmamağınızı tövsiyə edirəm. Amerikada təhsil aldığım müddətdə müşahidə etdiklərimin əksinə burada tarixi və maraqlı bir mədəniyyətlə qarşılaşdım. Növbəti məsləhətim isə təqaüdə müraciətinizi bitirdikdən sonra alman dilini öyrənməyə başlamağınızdır. Bura gəldikdə müəyyən səviyyədə dil bilginizin olması sizin üçün böyük üstünlük olacaq və daha rahat adaptasiya ola biləcəksiniz. Son olaraq, mən təqaüdə müraciət etdikdə bir çoxları deyirdi ki, hüquq sahəsində qazanma şansı çox azdır, prioritet deyil, indiyə kimi çox az insan qazanıb və s. Amma unutmayın ki, siz digərləri deyilsiniz, təqaüdün hər bir mərhələsində də özünüz olmağa çalışın və sadəcə cəhd edin.
Asiman Hafizqızı
