00:00:00
Yazar
Səadət Əlizadə
20.07.2026 19:48 32 2 dəq oxuma
Sosial

Çimərlikdə hansı qidalar təhlükə yaradır?

 

Çimərlikdə hansı qidalar təhlükə yaradır?

Yay mövsümündə çimərliklərə üz tutanların əksəriyyəti özləri ilə müxtəlif qida məhsulları da aparır. Lakin yüksək temperatur bəzi qidaların qısa müddətdə xarab olmasına və qida zəhərlənməsi riskinin artmasına səbəb ola bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, çimərliklər qida zəhərlənmələrinin ən çox baş verdiyi məkanlardan biridir:

 

“Çünki yüksək temperatur və rütubət şəraitində mikroorqanizmlərin sürətlə çoxalır. İsti hava şəraitində mayonezli salatlar, süd və ət məhsulları, dəniz məhsulları və krem tərkibli şirniyyatlar kimi həssas qidalar otaq temperaturunda maksimum 1 saat, 30 dərəcədən yuxarı temperaturda isə ən çox 30-45 dəqiqə ərzində bakteriya ocağına çevrilir. Çimərliyə yalnız termostabil, zülal və yağ baxımından tez parçalanmayan, quru, ya təbii qoruyucu qabığı olan qidalar aparılmalıdır. Təhlükəli zona dediyimiz 5 dərəcə ilə 60 dərəcə aralığında zəhərlənməyə səbəb olan patogen mikroorqanizmlər həndəsi silsilə ilə çoxalır.

Mayonez, xama tərkibli salatlarda həm yüksək su aktivliyi, həm də zülal mühiti var. Kartof və yumurta bişdikdən sonra pH dərəcəsi bakteriyaların inkubasiyası üçün mükəmməl mühit yaradır.

Qızardılmış toyuq, kabab, kotelet, dəniz məhsulları yüksək zülal tərkibinə malikdir. Həmçinin çimərlik qumundakı mikroskopik tozlar da çarpaz çirklənməni sürətləndirir. Pasterizə olunmayan, açıq halda saxlanılan süd məhsulları laktoz tərkibinə görə mikrobların tez inkişaf etdiyi mühitdir. Yüksək şəkər və yağ mühiti bakterial spora yetişməsi üçün idealdır. Qarpız və yemiş qabığı torpaqla təmasda olduğu üçün səthində bakteriyalar daşıyır. Bütöv halda təhlükəsiz olsa da, bıçaqla kəsildikdə daxili şirəli hissəyə mikroorqanizmlər daxil olur. Yüksək şəkər və su mühitində sürətlə zəhərli maddəyə çevrilir. Çimərliyə çalışdığımız qədər

mayonez, xama, kərə yağı tərkibli hər cür salat və şoular, bişmiş, ya çiy ət, toyuq, balıq, sosiska, kolbasa məhsulları, təzə pasterizə edilməyən süd məhsulları, yumurtalı yeməklər, evdə əvvəlcədən doğranan qarpız və yemiş, krem tərkibli pirojnalar və tortlar aparmasaq yaxşıdır. Çimərlik üçün əsas təhlükəsiz məhsullar çərəzlər, quru meyvələr, yuyulan, kəsilməyən alma, armud, banan, şaftalı, quru peçenyelər, krakerlər, qovrulmuş çörək, bərk pendirlər, tərəvəzlərdən bütöv xiyar, pomidor, sərin sulardır. Əlimiz çimərlik qumu ilə təmas edibsə, mütləq qidaya toxunmadan əlimizi yumalıyıq”.

 

Çimərlikdə istirahət edən Səkinə Paşayeva bildirib ki, yay aylarında qida seçiminə daha diqqətli yanaşır:

 

“Əvvəllər evdən müxtəlif yeməklər aparırdıq. Amma son vaxtlar zəhərlənmə halları barədə çox eşidirik. Ona görə də indi əsasən su, meyvə və quru çərəzlər götürürük. Əgər isti yemək yemək istəsək, çimərlikdə hazırlanan təzə qidalara üstünlük veririk".

 

Digər istirahətçi Aytən Cavadova isə deyib ki, xüsusilə uşaqlarla çimərliyə gedərkən daha ehtiyatlı olur:

 

“Uşaqlar olduğu üçün risk etmək istəmirik. Mayonezli salat və ya evdə hazırlanmış yeməkləri aparmırıq. Meyvə, peçenye və bol su götürürük. Çalışırıq qidaları günün altında saxlamayaq".


Səadət Əlizadə
 

 

 

#azərbaycan #hansı #gündəm #yaradır?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər