00:00:00
Yazar
Admin User
11.08.2023 09:58 253 2 dəq oxuma
Sosial

ÇİMƏRLİK, YOXSA DÖNÜŞÜ OLMAYAN BATAQLIQ?

ÇİMƏRLİK, YOXSA DÖNÜŞÜ OLMAYAN BATAQLIQ?

 

Çimərliklərdə bu qədər insanın həyatını itirməsinə səbəb nədir? Ehtiyatsızlıq, yoxsa nəzarətin yetəri qədər olmaması? İnformator.az bu barədə sosial şəbəkədə sorğu keçirdi: "Ehtiyatsızlıq", "Nəzarətin olmaması", "Hər ikisi", "Xəzərdə olan boşluqlar" və s. cavablar aldıq. Amma 95% insanların ehtiyatsızlıq cavabını seçdi. Cavablar arasında normal üzə bilməyib, dənizin dərinliklərinə gedib çıxanlar qınanıldı.

Bütün bunlara aydınlıq gətirən FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili İnformator.az vasitəsilə vətəndaşlara müraciət etdi: “Çimərlik seçimində diqqətli olun. Əgər hər-hansı bir çimərlikdə xilasedicilər yoxdursa, orada təhlükəsizlik tədbirləri görülməyibsə, həmin çimərlikdən istifadə etməyin. Həmçinin, suvarma kanallarını, arxları, gölləri çimərlik üçün istifadə etməyin”. Müsahibimiz xilasedici tədbirlər haqqında və çimərlik üçün hansı hava şəraitinin uyğun olduğu barədə də danışdı. Çimərlik mövsümü başlamazdan əvvəl FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidməti sahilboyu təhlükəsizlik tədbirləri həyata keçirdiyini deyən Aqşin Əlili ölkə ərazisində yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirildiyini də diqqətə çatdırdı. “Monitorniqlərin keçirilməsində əsas məqsəd çimərlik üçün əlverişsiz sahələrin müəyyən olunması, həmçinin, çimərlik operatorlarına yəni çimərlik sahibkarlarına təhlükəsizlik qaydaları barədə bildirişlər təqdim olunur. Bununla yanaşı xidmətin nəzarət etdiyi çimərliklərdə - Bakının Sabunçu, Qaradağ, Səbail, Binəqədi və Xəzər rayonlarında yaradılmış ictimai çimərliklərdə sualtı müayinələr aparılıb, sualtı təmizləmə işləri görülüb, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar, həmçinin, ərazidə istirahət edən vətəndaşların məlumatlandırılması üçün xüsusi maarifləndirici qurğular qoyulub. Xidmət iyunun 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

Xilasedicilər sayəsində 133 nəfərin sudan xilas olunub və bu tədbirlərin həyata keçirildiyi ərazilərdə ölüm hadisəsi müşahidə edilməyib. Bəs hansı hava şəraitində çimərlikdən istifadə etmək qadağandır? “Qanunvericiliyin tələbinə uyğun olaraq küləyin surəti saniyədə 10 m-dən artıq olduqda çimərliklərdən istifadə etmək təhlükəli və qadağandır”.

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər