00:00:00
Yazar
Ayşən Səlimova
24.03.2026 19:58 48 2 dəq oxuma
Dünya

“Çin–Azərbaycan strateji tərəfdaşlığı: qlobal balans, yeni imkanlar və artan geosiyasi rol”

“Çin–Azərbaycan strateji tərəfdaşlığı: qlobal balans, yeni imkanlar və artan geosiyasi rol”

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Çin və Azərbaycan arasındakı "hərtərəfli strateji tərəfdaşlıq" bəyannaməsi, Avrasiyanın geosiyasi mənzərəsində yeni bir mərhələnin göstəricisidir:

 

"Siyasi müstəvidə bu əməkdaşlıq hər iki tərəf üçün ilk növbədə "suverenlik zəmanəti" və beynəlxalq platformalarda qarşılıqlı dəstək mənasına gəlir. Azərbaycan üçün Çin kimi qlobal bir güclə yaxınlaşmaq, xarici siyasətdəki manevr imkanlarını genişləndirir və güc mərkəzləri arasındakı balansı qorumağa kömək edir. Xüsusilə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi, rəsmi Bakı üçün mühüm diplomatik dayaqdır. Pekin üçün isə Azərbaycan "Bir Qurşaq, Bir Yol" təşəbbüsü çərçivəsində Orta Dəhlizin strateji qovşağıdır; bu marşrutun təhlükəsizliyi və işlək olması Çinin Avropa bazarlarına çıxışı üçün alternativsiz logistik imkanlar yaradır. Azərbaycanın Çin ilə yaxın münasibətlər qurmasının vacibliyi həm də iqtisadi diversifikasiya və texnoloji transfer ehtiyacından irəli gəlir".

 

Həmçinin politoloq qeyd edib ki, enerji resurslarından asılılığı azaltmaq istəyən Azərbaycan üçün Çinin bərpa olunan enerji, rəqəmsallaşma və infrastruktur layihələrindəki təcrübəsi həlledici rol oynayır:

 

"Eyni zamanda, bu tərəfdaşlıq Azərbaycanın regionda logistik hab statusunu möhkəmləndirir və ölkəyə böyük həcmdə qeyri-neft investisiyalarının cəlb edilməsi üçün qapı açır. Digər qlobal güclərlə münasibətlərə gəldikdə, bu tərəfdaşlıq Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun bir hissəsi kimi qiymətləndirilməlidir. Bakı bu yaxınlaşma ilə Qərbə və ya Rusiyaya qarşı bir cəbhə yaratmır, əksinə, bütün tərəflərlə bərabərhüquqlu və maraqlara əsaslanan münasibətlər qurduğunu nümayiş etdirir. Lakin Çin ilə strateji səviyyəyə yüksələn əlaqələr, xüsusilə Vaşinqton və Brüssel tərəfindən diqqətlə izlənilir. Bu vəziyyət Azərbaycanın beynəlxalq arenada çəkisini artırsa da, ondan həm də böyük güclər arasındakı rəqabətdə incə bir diplomatik balans yürütməyi tələb edir. Bu tərəfdaşlıq Azərbaycanın regional liderlik iddialarını gücləndirməklə yanaşı, ölkəni qlobal iqtisadi sistemin əsas arteriyalarından birinə çevirir".

 

Günel Əlili

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər