00:00:00
Yazar
Admin User
30.08.2023 07:35 644 3 dəq oxuma
Sosial

Cəmiyyətin və insanların təhlükəsizliyinə potensial təhdid

Cəmiyyətin və insanların təhlükəsizliyinə potensial təhdid

 İnkişaf edən və qloballaşan dünyada təhlükələr müxtəlifdir və çoxdur. Kibertəhlükəsizlik məsələlərinə qeyri-ciddi yanaşma cəmiyyətin və insanların təhlükəsizliyinə gələ biləcək potensial təhdiddir. Necə ki, yaşadığımız evi, işlədiyimiz qurumu təhlükələrdən qorumaq üçün qapı kilidindən tutmuş müxtəlif mühafizə vasitələrindən istifadə edirik, eləcə də kibertəhlükəsizliklə bağlı diqqətli olmalıyıq.

   Ekspertlərin fikrincə, yeni strategiya ilə ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ciddi hədəf və məqsədlər ortaya qoyulub. Yeni strategiya qarşısına məqsəd qoyur ki, kritik informasiya infrastrukturlarının təhlükəsizliyi daha da artırılsın və nəzarət gücləndirilsin. İnformasiya təcavüzünə və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərə qarşı hazırlıq güclənsin.

   İnformasiya texnologiyaları üzrə ekspert Bəhruz Əliyev deyir ki, müasir dövrdə statusundan asılı olmayaraq, təhlükəsizliyinə diqqət etməyən istənilən qurumun gördüyü iş, əsgəri müharibəyə silahsız göndərmək fəaliyyətindən fərqlənmir. “Hər birimizin əlində müxtəlif İT avadanlıqları olduğunu düşünsək, bəlkə də avadanlıq sayı ölkədəki əhali sayından çoxdur. Belə olduqda, vətəndaşlara virtual-elektron mühitdən müxtəlif təhdid və risklərin meydana gəlməsi qaçılmazdır”.

  Müsahibimiz 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanla başlanan informasiya savaşında yeni strategiyanın əhəmiyyətini də önə çəkir. Bəhruz Əliyevin sözlərinə görə, Vətən Müharibəsində qalib olan ölkəmiz eyni zamanda informasiya savaşında da qalibdir və qalibliyini qoruyub saxlayır. Ermənistanın hər sahədə apardığı sərsəm siyasəti isə informasiya sahəsində də özünü açıq biruzə verir. “Müxtəlif vaxtlarda apardığı qarayaxmalar çox keçmədən öz başında partlayır və həyəsızcasına apardığı səs-küylü şoularının yalan olduğu, həqiqəti əks etdirmədiyi anlaşılır. Eləcə də bu sahədə, Azərbaycana məğlub olan Ermənistan yenə də yenilməyə məhkumdur. Belə ki, Azərbaycan 194 ölkə arasında Global Cybersecurity Index - Qlobal kibertəhlükəsizlik indeksində 40-ci yerdə qərar tutarkən, Ermənistan 90-ci yerdə qərar tutur”.

  İnformasiya təhlükəsizliyi, həmçinin kibertəhlükəsizlik sənayesinin formalaşdırılması, informasiya mühafizəsi texnologiyaları sahəsində xaricdən birbaşa asılılığın minimallaşdırılması, nəzarətdə saxlanılması, proqram mühəndisliyinin və rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi kimi məsələləri və digər bir çox məqsəd və hədəflərə də öncəlik verir.

  İnformasiya texnologiyaları üzrə ekspert deyir ki, Azərbaycan gənc bir ölkə kimi bütün sahələrdə yenilikləri tətbiq edir. Ona görə də heç bir trenddən geri qalmır. “Şübhə yoxdur ki, Azərbaycan indiyə qədər qlobal trendləri təqib etdiyi kimi, strategiyanın verdiyi istiqamətdə adaptasiya daha da güclənəcək. Hətta təsdiq olunmuş strategiyanın 2-ci fəsli qlobal trendlərə ayrıldığını xüsusi vurğulamaq istəyirəm”.

  Təsdiq olunan strategiya cari il də daxil olmaqla 5 illik intervalı əhatə edir. Dünyada bu intervallarla bağlı xüsusi bir limiti mövcud deyil. Məsələn: Türkiyə 3 ildən bir yeniləyir, ABŞ təxmini olaraq 6 ildən bir yeniləndiyi müşahidə olunur. Braziliyada 2 ildən bir, Rusiyada indiyə qədər 2 dəfə yeniləndiyini mənbələrdə görmək mümkündür. Bəzi ölkələr isə vaxt limiti qoymur və ehtiyac hiss etdikdə yeniləyir. Bəhruz Əliyev düşünür ki, strategiyada 5 illik limitin olması konkret hədəf və məqsəd qoyur. “Bu sahədə bəzi müəssisələrdə fərdlərin məsələlərə qeyri-standart və individual yanaşması müşahidə oluna bilər. Təbii ki, qeyri-peşəkar davrananlar var. Amma bu sahədə olan şəxslər əsasən özlərinin inkişafında maraqlıdır. İşlədikləri müəssisələrdə lazımı mənəvi və maddi dəstək alan mütəxəssislər mütləq davamlı inkişaf edəcək”.

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər