Əcnəbi vətəndaşla evlənmək qəbahətdirmi?
"Cəmiyyət olaraq bizim də mental qaydalarımız var. Lakin elə zaman ola bilər ki, ailə qaydalarımız bəzən xarici, hətta türk ailələrin qaydaları ilə üst-üstə düşməyə bilir".
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Aynur İsmayılova söyləyib. Psixoloq deyir ki, bizim xaricdə yaşayan, təhsil alan gənclər yaşlarının üst yeniyetməlik dövründə həyatlarını əsasən xaricdə qururlar.
"Buna görə də çətin həyat yaşamaqla bərabər eyni zamanda da ordakı gənclərə adaptasiya olurlar deyə xaricdə ailə qurmağı daha çox üstün tuturlar. Çünki ölkəmizə qayıdan bəzi gənclər bizim ölkədə təhsil alan gənclərlə, hətta öz sinif yoldaşları olsa da, fikir ayrı-seçkiliyi yaşayırlar. Ona görə də xarici vətəndaşla ailə qurmaq onlara daha rahat gəlir”.
Aynur İsmayılova qeyd edir ki, bəzən elə olur ki, cəmiyyət tərəfindən bu hal yaxşı qarşılanmır.
"Övlad nə qədər böyüsə də, valideyn onu idarə etməyə çalışır, yaxud fikirləşir ki, mənim gəlinim və ya kürəkənim öz millətimdən olsa, daha yaxşı anlaşarıq”.
Psixoloqun sözlərinə görə, əgər hər iki vətəndaşın ailə dəyərləri möhkəmdirsə və üst-üstə düşürsə, ailə qura bilərlər.
"Eyni zamanda bizim vətəndaşla ailə qurduğu xarici vətəndaşın ailə dəyərləri üst-üstə düşürsə, bu zaman onlar ailə quranda xoşbəxt olur”, - deyə psixoloq yekunlaşdırıb.
Aynur Babayeva
