Cüdoçularımız Avropada növbəti uğura imza atıb
İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.
Məsələ ilə bağlı idman jurnalisti, şərhçi Rövşən Binnətli “İnformator.az”a açıqlamasında qeyd edib ki, bu, Azərbaycan cüdosunun müsbət imicinin daha da dərinləşməsi deməkdir:
“İspaniyada yeniyetmə cüdoçular arasında təşkil olunan Avropa birinciliyində təmsilçilərimizin, ikisi qızıl olmaqla, 10 medal qazanması çox müsbət haldır. Bu, Azərbaycan Cüdo Federasiyasının layiqli ehtiyat qüvvənin formalaşdırılması istiqamətində səmərəli fəaliyyətinin nəticəsidir. Zəhra Quliyevanın çempionluğu isə ölkəmizdə istedadlı xanım cüdoçuların yetişdiyindən xəbər verir. Bu, həm də ACF-nin uğurla həyata keçirdiyi "Qızlara ağ yaraşır" genişmiqyaslı sosial layihəsinin məntiqi göstəricisidir. Uğurları yeniyetmələr əldə etsə də, bu, bütövlükdə Azərbaycan cüdosunun müsbət imicini daha da gücləndirir. İdmançılarımızın hər yaş kateqoriyası üzrə beynəlxalq turnirlərdə layiqincə çıxış etməsi bizim əsas gücümüzdür. İnkişaf etdirilməli olan məqam kimi isə bu idman növünün kütləviliyini daha da artırmağı qeyd edə bilərəm. Təbii ki, bu sahədə problem yoxdur, sadəcə məqsədimiz yaxşını daha mükəmməl etməkdir. Nüfuzlu yarışlarda qazanılan qələbələr həm də ən yaxşı təbliğat vasitəsidir. Yeniyetmə tatami ustalarımızın Avropa birinciliyindəki parlaq çıxışı da bu mənada böyük əhəmiyyət kəsb edir”.
Güllər Gülhüseynova