00:00:00
Yazar
Admin User
13.11.2023 14:40 894 2 dəq oxuma
Sosial

Dövlət hesabına işlərdə vəkillərin ödəniş məbləği minimum 20 manat olmalıdır

Dövlət hesabına işlərdə vəkillərin ödəniş məbləği minimum 20 manat olmalıdır

“İlk növbədə qeyd edim ki, vəkil əməkhaqqı almır. Vəkillər göstərdikləri xidmət qarşılığında müştəridən müəyyən məbləğdə məvacib alırlar”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov söyləyib. Hüquqşünasın sözlərinə görə, bu gün Milli Məclisdə vəkillərə verilən ödənişlərin artırılması ilə əlaqədar səsləndirilən təkliflərdə söhbət müştərinin ödədiyi vəsaitdən getmir.

 

“Müştəri və vəkil öz aralarında istənilən qiymətlə bağlı razılığa gələ bilərlər. Burada əsas məsələ dövlət hesabına vəkil xidmətinin göstərilməsindən gedir. Yəni, dövlət müəyyən hallarda özünə vəkil tuta bilməyən şəxsləri dövlət hesabına vəkillə təmin edir. Məsələn, cinayət işləri, konstitusiya məhkəməsinə şikayət kimi məsələlərdə mütləq vəkil lazımdır”.

 

Əkrəm Həsənov deyir ki, əgər şəxsin maddi vəziyyəti vəkil tutmağa imkan vermirsə, şəxsin etdiyi müraciətə əsasən, ona vəkil təyin edilir.

 

“Bu gün dövlət hesabına vəkil xidmət göstərəndə saata 6 manat qazanır. Təbii ki, bu aşağı məbləğdir. Burada məsələ vəkilin peşəkarlığından getmir. Ən yeni, gənc vəkillərin belə saatda 6 manat qazanması çox azdır. Elə vəkillər var ki, vicdanla öz xidmətlərini icra edir. Amma vəkil də insandır, o da dolanmalıdır”.

 

Hüquqşünasın sözlərinə görə, çox adam düşünür ki, vəkillik asan bir işdir.

 

“Əslində, bu çox məsuliyyətli və ağır bir prosesdir. Vəkillər daim qanunu bilməli, qanunlarla işləməlidirlər. Təbii ki, vəkillərin belə içərisində pisləri də var. Sadəcə bu vəzifə iş olaraq çətindir. Əgər vəkil özəl qaydada xidmət göstərdiyi müştəriləri hesabına daha çox qazanc əldə edirsə, sözsüz ki, onlara daha çox diqqət yetirəcək, nəinki dövlət hesabı işlərə”.

 

Əkrəm Həsənov qeyd edir ki, bu gün vəkillərin belə, elə işləri olur ki, onu pulsuz aparırıq.

 

“Amma bu bütün işlər deyil axı. Görüləcək iş ya maraqlı olmalıdır, ya da ortada prinsip məsələsi özünü göstərməlidir. Bütün məsələləri də prinsiplə yürütmək doğru olmaz. Bəzən hüquq müdafiəçiləri ilə vəkilləri qarışdırırlar. Hüquq müdafiəçisi dövlətdən maaş alır, vəkilə isə heç kim maaş vermir. Vəkil bu gün, ancaq özü qazanmalıdır”.

 

Müsahib təklif edir ki, dövlət hesabına işlərdə vəkillərin ödəniş məbləği minimum 20 manat olmalıdır.

 

“Düşünürəm ki, vəkillərin 1 saatlıq fəaliyyətləri minimum 20 manat olmalıdır. Amma mən başa düşürəm ki, dövlət büdcəsində də vəsait azdır. Lakin götür-qoy edərək, ortaq qərara da gəlmək olar”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər