“Dəqiqlik və etibarlılıq bugünkü informasiya siyasətinin mayasında dayanmalıdır”- Qulu Məhərrəmli
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə dezinformasiya və süni intellektlə hazırlanan saxta xəbərlərin təhlükəsindən bəhs olunub. Dövlət başçısı bildirib ki, rəqəmsal dövrdə medianın üzərinə daha böyük məsuliyyət düşür. Bu səbəbdən jurnalistlərin peşəkarlığı və obyektivliyi ön plana çıxmalıdır.
Mövzu ilə bağlı Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “İnformator.az”a açıqlama verib.
Professor Qulu Məhərrəmli günümüzdə istər peşəkar jurnalistikada, istərsə də rəqəmsal platformalarda dəqiq xəbər təqdim etməyin əsas çağırış olduğunu bildirib. Onun sözlərinə görə, AQEM-in Media Forumunda qaldırılan məsələlər də məhz cəmiyyətə mötəbər informasiya çatdırılmasına xidmət edir:
“Bu gün yalnız kütləvi informasiya vasitələrində deyil, informasiya ilə bağlı olan bütün sahələrdə - peşəkar jurnalistikadan tutmuş sosial şəbəkələrə, qəzetlərə və televiziyalara qədər etibarlı auditoriyaya doğru-dürüst məlumatın çatdırılması ciddi problemə çevrilib. Ona görə də Bakıda keçirilən AQEM-in “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusundakı Media Forumu xüsusi əhəmiyyət kəsb edir. Konfransdakı məruzələri və müxtəlif ölkələrdən gələn nümayəndələrin çıxışlarını dinlədikcə bəlli olur ki, qaldırılan bütün məsələlər nəticə etibarilə etibarlı məlumatın təmin olunmasına söykənir”.
Professor sosial şəbəkələrin təqdim etdiyi sərbəstliyin arxasında gizlənən təhlükələrə diqqət çəkərək müasir medianın ana prinsipini vurğulayıb:
"Müasir dövrdə sosial şəbəkələrin təsiri artsa da, regionumuz və müxtəlif ölkələr üçün etibarlı, dəqiqləşdirilmiş informasiya axını xüsusi əhəmiyyət kəsb edir. Sosial şəbəkələrin formal demokratikizmi arxasında yalan, təxribat xarakterli məlumatlar və müxtəlif qüvvələrin idarə etdiyi informasiya oyunları geniş kök salır. Bütün bunları nəzərə alaraq, qarşımızda mühüm bir dilemma var, operativ məlumat, yoxsa dəqiq məlumat? Şübhəsiz ki, birinci növbədə dəqiq və balanslı məlumat keyfiyyətin bir nömrəli göstəricisidir. Operativlik də vacib şərtdir, lakin mənbəyindən asılı olmayaraq, informasiya mütləq dəqiqləşdirilməlidir. İkinci ciddi məsələ isə informasiya mənbələrinin artdığı bir şəraitdə etibarlı məlumatın çatışmazlığıdır”.
Qulu Məhərrəmli saxta xəbərlərin cəlbediciliyinə və süni intellektin media keyfiyyətinə təsirinə diqqət çəkərək əsas çıxış yollarını belə əsaslandırıb:
“Etibarlı xəbəri ön plana çıxarmaq üçün peşəkar yanaşmaya üstünlük verməliyik. Dezinformativ məlumatlar yalana büründüyü üçün həmişə cazibədar görünür və onların çoxluq təşkil etməsi mötəbər xəbərlərin kölgədə qalmasına səbəb olur. Mən bunun əsas çıxış yolunu etibarlı mənbələrin sayının artmasında və onların daha çevik işləməsində görürəm. İkinci vacib amil isə peşəkarlıqdır. Çünki hazırda süni intellektin informasiya mühitinə müdaxiləsi və saxta xəbərlərin çoxalması məlumatın keyfiyyətini aşağı salır. Bir sözlə, peşəkarlıq, dəqiqlik, güvənlik bugünkü informasiya siyasətinin və jurnalistikanın mayasında dayanmalıdır”.
Zəri Bayramlı