Dərsdə telefon istifadəsinin müəllim-şagird münasibətlərinə təsiri
Dərs zamanı şagirdlərin telefondan istifadəsi bəzi hallarda zəruri hesab edilsə də, bu vərdişin gələcəkdə yarada biləcəyi mənfi fəsadlar və müəllim-şagird münasibətlərinə vurduğu zərər mövzunun aktuallığını daha da artırır.

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova “İnformator.az”a açıqlamasında bildirib ki, dərs zamanı telefondan istifadə şagirdin diqqətini cəmləməsini çətinləşdirir:
“Burada birbaşa olaraq mesajın gözlənilməsi, hətta ən adi bildiriş səsi belə şagirdlərin diqqətini çəkir. Bu zaman uşaq dərsdən tamamilə uzaqlaşır və informasiyanı yadda saxlaması qeyri-mümkün olur”.
Psixoloqun sözlərinə görə, diqqət dağınıqlığı ilə bağlı müraciətlər daha çox 7-8-ci sinif şagirdlərinin valideynləri tərəfindən edilir:
“Valideynlərə tövsiyəmiz odur ki, bacardıqca müəllimlərlə sıx əlaqə saxlasınlar. Çünki beyin telefondan gələn bildirişlərə yönələndə bu, zehni yorğunluğa gətirib çıxarır. Balideynlər övladlarına telefon alarkən məsələyə yalnız oyun və dərs çərçivəsində yanaşmamalıdırlar. Dərs zamanı telefonun səssiz rejimə keçirilməsi və ya toplanılması uşaqda diqqətini idarəetmə vərdişinin formalaşması üçün önəmlidir. Uşaq bir neçə gün bu qaydaya əməl etsə, prosesə adaptasiya ola biləcək”.
O vurğulayıb ki, telefondan istifadə obsesiv-kompulsiv pozuntunun yaranmasınada birbaşa təsir edir. Çünki insan bir şeyə nə qədər çox vərdiş edərsə və günü onunla keçərsə, daxilində bir o qədər boşluq yaranır. Bu hallar yetişməkdə olan gəncin emosional sferasına mənfi təsir edir. Gələcəkdə isə uşaqda nevroloji, psixoloji və hətta psixiatrik pozuntuların meydana gəlmə riskini artırır.
Nazlı Ağazadə