00:00:00
Yazar
Admin User
25.12.2025 18:18 172 2 dəq oxuma
Sosial

Dünya azərbaycanlıları “Bir olaq, həmrəy olaq!”

Dünya azərbaycanlıları “Bir olaq, həmrəy olaq!”

Diasporla İş üzrə Dövlət Komitəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans keçirib. Tədbirdə 86 ölkədən 1000-ə yaxın soydaş iştirak edib.

 

Videokonfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. Komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin diaspor siyasətinin uğurlarından danışaraq 2025-ci ildə dünya azərbaycanlılarının birlik və iradəsini vurğulayıb.

 

Mövzu ilə bağlı Əkbər Qoşalı “İnformator.az”a açıqlamasında bildirib ki, diaspor fəaliyyəti mədəni diplomatiyanın praktik formasıdır:

 

“Diasporla İş üzrə Dövlət Komitəsinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirdiyi “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans bir daha göstərdi ki, diaspor anlayışı bu gün coğrafi uzaqlıqdan üstün, vahid mədəni yaddaşın qlobal miqyasda qorunması anlamını daşıyır. 86 ölkədən minə yaxın soydaşın eyni platformda birləşməsi Azərbaycan kimliyinin zaman və məkan fövqündə yaşamağa qadir olmasının nişanəsidir.

 

Xaricdə yaşayan azərbaycanlılar üçün milli mədəniyyətin qorunmasında diaspor təşkilatları institusional yaddaş mərkəzləri funksiyasını daşıyır. Azərbaycan evləri, koordinasiya şuraları, həftəsonu məktəbləri yalnız tədbir keçirən qurumlar deyil, onlar dil, tarix, musiqi, gələnək və davranış kodlarını gələcək nəsillərə ötürən canlı mədəni mexanizmlərdir. Bu baxımdan, diaspor fəaliyyəti mədəni diplomatiyanın praktik formasıdır. Dövlətimizin, dövlət başçımızın diaspor siyasəti bu qurumların sistemli və davamlı fəaliyyətinə gerçək imkanlar yaradıb; sonuc etibarilə diaspor sonradan reaksiya verən yox, önləyici mədəni subyektə çevrilib”.

 

Müsahibimiz  sözlərində Azərbaycan dilinin təbliği üçün təsirli mexanizmlərdən də danışıb: 

 

 

“Dil yaşadılmadan mədəniyyət yaşaya bilməz. Xarici ölkələrdə Azərbaycan dilinin təbliği üçün ən təsirli mexanizmlərdən biri hibrid modeldir. Məsələn: həftəsonu məktəbləri və ailədaxili dil praktikası, teatr-studiya, musiqi və folklor dərnəkləri, rəqəmsal platformalarda çağdaş formatda dil kontenti vurğulanmalıdır.

 

Burada əsas məsələ dili “öyrədilən fənn” kimi alqılamaqda qalmayıb, emosional bağ yaradan ünsiyyət vasitəsi kimi təqdim etməkdir. Dil musiqi ilə, nağıl və miflə, gündəlik yaşam hekayələri ilə birlikdə təqdim olunanda daha cəlbedici olar.

 

Çağdaş dönəmdə gənclər arasında milli-mədəni dəyərlərin ötürülməsində əsas çətinlik assimilyasiya təzyiqi və qlobal mədəniyyətin sürətli axınıdır. Bəli, gənc nəsil üçün milli kimlik bəzən “keçmişə aid yük” kimi görünə bilir. Bu yanlış təsəvvürü aradan qaldırmaq üçün milli dəyərləri çağdaş dil, estetik və texnologiya ilə uzlaşdırmaq vacibdir. Gənc öz kimliyini muzey vitrinində axtarmamalı, yaxud yalnız muzeydə axtarmamalı, onu gündəlik yaşamında – musiqisində, geyimində, düşüncə tərzində görməlidir.

 

Beləliklə, diasporun gücü sayda deyil, şüurlu həmrəylikdədir. Mədəniyyətimizi qorumaq keçmişi təkrarlamaqla olmur, onu gələcək üçün yenidən oxumaq və yaşatmaqla səciyyə və səviyyə qazanmış olur. Dünya azərbaycanlılarının həmrəyliyi də məhz bu canlı, düşünən və yaradan mədəniyyət anlayışı üzərində möhkəmlənir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər