Düşmənlərimizin ayaqlar altına atdığı, tapdaladığı bayrağımız yenidən səmaya qaldırıldı
“İlk növbədə deyim ki, böyük sevincləri, böyük kədərləri sözə çevirmək, onları dilə gətirmək çox çətindir. Bu gün də elə günlərdən biri, bəlkə də birincisidir”.
Bu sözləri İnformator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu söyləyib. Şairin sözlərinə görə, bu gün sadəcə bayram deyil, bu gün bayramlar bayramıdır!
“Bu gün ürəyin bayramıdır. Bayramlar çox olur. Təqvimdə qırmızı hərflərlə qeydə alınan kifayət bayramlarımız var. Biri də var ki, ürək bayram eləsin.. Bu gün insanlar bütün varlığı ilə bu bayramı yaşayır. Bu gün bizim bayramımız da kədər də var, sevinc də var, qürur da var, ləyaqət da var. Eyni zamanda isə bu bayramda bir xalqa mənsubluğun fəxarəti var, nisgil var, ayrılıq var, ölüm var - hər şey var”.
Baba Vəziroğlu deyir ki, bu gün həyat bayramıdır.
“Bu gün biz deyə bilmərik ki, ancaq bəxtəvərliq hissi keçiririk. Xeyr, eyni zamanda, bu gün bizlər ən gözəl oğullarımızın şəhid olmasının kədərini yaşayırıq. 30 il boyunca xalqımız nələr çəkdi, biz nələrlə mübarizə apardıq..Son zəfərimizdən sonra isə biz ruhən, daxilən sakitik. Şəhidlərimizin qisası alındı, 30 illik ayrılığa son qoyuldu. Düşmənlərimizin ayaqlar altına atdığı, torpağımız kimi tapdaladığı bayrağımız yenidən səmaya qaldırıldı”.
Baba Vəziroğlu deyir ki, şəhidlərimiz özləri torpağa qarışdı, amma bu bayrağı səmadan endirməyə qoymadılar, onu dalğalandırdılar, onu qaldırdılar.
“Mən bütün azərbaycanlılar kimi, bütün xalqımız kimi, dünyada ədalətin, haqqın tərəfdarı olan bütün insanlar kimi inanıram ki, o bayraq əbədi dalğalanacaq. Haqq, ədalət bir müddət kənara çəkilə, unudula bilər. Amma sonda mütləq qalib gəlir. Mən düşünürəm ki, bu gün dalğalanan bayrağımız haqqın, ədalətin bayrağıdır. Ədalətin bayrağıdır ki, bu ədalət sonda mütləq Zəfər çalır. Bu gün bizim Zəfərimizdir”.
Şair qeyd edir ki, bu gün bütün insanlığın bayramıdır.
“Bu bayram insanlara ümidsiz olmamağı, heç zaman müvəqqəti çətinliklərə baş əyməməyi aşılayır. Biz bu Zəfərə 3 il ərzində yox, 30 il boyunc nail olduq. Həmişə deyirlər ki, Moskva birdən-birə qurulmayıb. Bax biz də elə..Bu Zəfər 3 il ərzində ərsəyə gəlməyib. Bu Zəfər abidəsini kərpic-kərpic hörürlər. Məsələn, binanın təməlinə bir kərpic qoyulanda onu həmin an görmürük. Amma həmin kərpic yavaş-yavaş ucalır. Bir də görürsən ki, Zəfər tağı artıq hazırdır”.
Baba Vəziroğlu düşünür ki, 1994-cü ildə Ulu Öndər “Əsrin müqaviləsi”-i bağlayanda, bütün dünyanı Azərbaycana cəlb edən də biz heç bilərdik ki, bunlar nəyə xidmət edir?
“Sən demə bütün bu işlər bugünkü zəfərimizə xidmət edirmiş. Ulu Öndərin uzaqgörənliyi, fədakarlığı, xilaskarlığı nəticəsində bu işin təməli qoyuldu. Hər gün bu Zəfər tağına bir kərpic hörüldü. Son 20 ildə isə İlham Əliyevin hansı fədakarlıqlar etdiyini mən demirəm, çünki bu işlərin hər biri hamımızın gözü qarşısında baş verib. Biz Zəfərin sonunu gördük. İlham Əliyevin əbədi olaraq ağlıma həkk olunan bir sözü var: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirən”. Doğrudan da, Cənab Prezident bu məşhur yol xəritəsini öz əməli, liderliyi ilə nəinki bizə, bütün dünyaya tanıtdı”.
Həcər Əmiraslanlı
